Hamının sevdiyi “Ögey ana”, hökmlü “Nərgiz xala” –Xalq artisti Nəcibə Məlikovanın anım günüdür

Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.

Bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 31 il ötür. Əvvəlcə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır.

Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.

Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

 

Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanım qardaşı – böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov tutulandan sonra onun da ictimai həyatına son qoyuldu. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırdılar. Bundan sonra bütün qapılar onların üzünə bağlandı.

Aktrisa Nəcibə Məlikovanın  uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızını olduğuna görə, arzusu ürəyində qaldı. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirdi. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəldi. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olundu. Lakin burada oxuduğu müddətdə sənətə çox bağlandı.

“Ögey ana” və ya aktrisanın kədərli həyat  hekayəsi…

 

Nəcibə Məlikova Gəncə Dram Teatrında çalışdığı müddətdə Gəncənin tanınmış adamlarından olan Nəsrəddin bəylə tanış olur.  Nəsrəddin bəy aktrisanı tamaşaların birində görür və ona heyran qalır. Hər tamaşadan sonra bu gözəl xanıma rəngbərəng ətirli güllər, meyvələr göndərilir. Gizli aşiq Nəcibə xanımın ürəyini almağa çalışır və bunu bacarır – Nəcibə Məlikova Nəsrəddinlə ailə qurmağa razılıq verir.

Nəsrəddin bəy artıq bir dəfə evlənmişdi və Fuad  adlı oğlu da vardı. Nəcibə xanımla evlilikdən isə Saqib adlı bir oğlu dünyaya gəldi. Nəcibə xanım hər iki uşağa eyni ana qayğısıyla yanaşır, onları bir-birindən ayırmamağa çalışırdı.

Nəsrəddin bəyin ilk evliliyindən olan oğlu Fuad Əsədov(AFFA-nın sabiq baş katibi) xatirələrində Nəcibə xanımdan heç vaxt narazı olmadığını deyib:

“İki yaşımdan məni nənəmlə babam saxlayıb. Nəcibə xanım mənə həmişə yaxşı davranıb. Ondan ömrü boyu razı qalmışam. Nəcibə xanın mənə çox yaxşı münasibət bəsləyib”.

Nəcibə Məlikovanın yaradıcılığında önəmli rol oynayan “Ögey ana” filmi də məhz öz ailəsinin hekayəsi olub. Fuad Əsədov bu haqda belə deyib: ““Ögey ana” filmi üçün süjet bizim ailə həyatımızdan hazırlanıb. Mənim nənəm Xanım xan nəslindən idi. Gəncə Mahalından Kəbleyi İsgəndərxan Muradovun qızı idi. Əsilləri Ağstafanın Dağ Kəsəmən kəndindədir. Çox şən və mərd qadın idi. Atam Nəcibə xanımla ailə quran kimi, nənəmlə münasibətləri kəsildi. Nənəm həmişə mənim öz anamı istəyib, onu qəbul edib.
Adil İsgəndərov isə atamın yaxın dostu idi. Tez-tez bizə gələrdi. Bir gün nənəmlə analığım arasındakı münasibəti müşahidə edib və nənəmə deyib ki, gərək bu haqda bir film çəksin. Düzdür, çəkməyinə özü çəkmədi. Həmin vaxt Kinostudiyanın direktoru idi. Amma filmin ssenarisi bizim ailədən idi.

Filmdə bacımın olduğu göstərilib. Atam isə həqiqətən də yol mühəndisi olub. Hətta filmdə İsmayıldan soruşurlar “böyüyəndə kim olacaqsan?” – fəxrlə deyir ki, “atam kimi yol mühəndisi olacağam”.
Nəcibə xanım həyatda ögey anam olmaqla yanaşı, filmdə də ögey ana rolunu oynayıb”.

 

Fuad Əsədovun sözlərinə görə, filmin çəkilişi zamanı Nəcibə xanım ssenaridə çox dəyişikliklər edib: “Özü işin içində olduğu üçün hər detalı ətraflı danışıb və bunu filmdə yaradıb. Hər şey real həyat əsasında çəkildiyi üçün film daha çox sevilir. Rejissor təkcə həyatdakı dəcəlliyimi filmdə tam əks etdirə bilməyib. Çünki həyatda çox dəcəl olmuşam. Bizim dövrdə uşaqların ən böyük dəcəlliyi qonşuların bağına girmək sayılırdı. Mən də bu sahədə peşəkar idim. Gecələr qonşunun bağına girib ərik yeyirdik”.

Aktrisanın həyat yoldaşı Nəsrəddin bəy həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı bir kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, – deyirmiş. Aktrisa dözürdü.  Amma….

Nəsrəddin bəy bir gün başqası ilə evləndiyini bəyan edir. Nəcibə xanım səssizcə oğlunu da götürüb evdın çıxır, amma böyük oğul dediyi oğulluğundan da ayrılmadı. Çox keçmədi Nəsrəddin bəy 30 yaşında faciəli surətdə dünyasını dəyişdi. Nəcibə Məlikova 29 yaşında dul qaldı, amma bir daha kimsəyə könül vermədi, yenidən ailə qurmadı…

Nəcibə Məlikovanın gəlini Arifə xanım (öz oğlu Sabiqin həyat yoldaşı) aktrisa haqqında belə deyib:

“Mənliyini sevən, sözün düzünü birbaşa deyən qadın idi. Buna görə də onu sevməyənlər də az deyildi. Biz onunla gəlin-qayınana yox, ana-bala, hətta rəfiqə olmuşuq. Danışırdı ki, “Azdrama”da fəaliyyətə başladığı vaxtlarda ilk maaşına aldığı tufliləri səhnə geyimi ilə dəyişib tamaşadakı rolunu oynayandan sonra qrim otağına qayıdanda ayaqqabılarını qayçı ilə kəsik-kəsik edilmiş vəziyyətdə görüb. Yaradıcı insanlara qısqanclıq hissi xasdı. Nəcibə xanımda yeni istedadlara qarşı qətiyyən narahat bir qısqanclıq hissi yox idi. Həmişə onları tərifləyirdi…

Nəcibə Məlikova həm də çox ünsiyyətcil insan idi. Təkliyi qətiyyən sevməzdi. Musiqi ilə də arası yaxşı idi. Həm yaxşı oxumağı bacarırdı, həm də gözəl rəqs etməyi. Xüsusən “Tərəkəmə”ni böyük həvəs və bacarıqla oynayırdı. Sənətə bağlı olduğu qədər evə, ailəyə, evdar xanım vərdişlərinə də bağlı idi. Son dərəcə təmizkarlığı ilə seçilirdi. Yaxşı xörəklər bişirməyi var idi. Nəcibə xanım özü daha çox balıq yeməklərini xoşlayırdı”.

Tərəf müqabili mərhum aktyor Elxan Qasımov xatırlayıb: “Əhməd haradadır?” filmində bir rəqs səhnəmiz vardı, rəqs müəllimı gəlib çıxmadı özümüz oynamalı olduq. Çox gözəl rəqs etməyi vardı, “Əhməd hardadır?” filmində də rəqs səhnəsinə məşqsiz çəkilmişdi. O qədər oynadıq ki, çəkiliş qrupu işini qurtarıb bizi gözləyirdi. Maşını qaçırdığı səhnədə isə həqiqətən də saxlaya bilmirdi, mən çatdırıb əyləci basmışdım və Nəcibə xanımın ayağını da möhkəm tapdamışdım, çəkiliş pozulmasın deyə səsini çıxartmamışdı. Çox amiranə qadın idi, əsl ana idi, həyatda da, kinoda da. Ədil İckəndərov onu bütün səpgili obrazlara çəkmişdi. “Qanun naminə”də Zərrintac hara, Nərgiz xala hara?! Yaxşı nərd oynayardı, bir dəfə kinostudiyada nərddə hamını udan bir kişi xeylağına qələbə çaldı. Hamı yığışıb oyuna baxırdı, işıqçı Əliqulu o atan nərdin daşını atdı”.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Azpost.info

Əvvəlki məqalə

Nigerdə hərbçilər prezidenti devirib

Sonrakı məqalə

Türkiyə 1 milyon suriyalı qaçqını geri qaytarır