Havay adalarında təxminən 550 ildir mövcud olan məşhur Hōlei Sea Arch təbii tağı Sakit okeana uçub.
BBC News xəbər verir ki, 27 metr hündürlüyündə olan lava quruluşu Havay Vulkanları Milli Parkının sahilində yerləşirdi və turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri sayılırdı.
Tağın dəqiq nə vaxt uçduğu məlum deyil. ABŞ Milli Parklar Xidmətinin (NPS) məlumatına görə, sentyabrın 23-də tağ hələ də suyun üzərində görünürdü, sentyabrın 27-də isə artıq tamamilə yoxa çıxmışdı.
Hōlei Sea Arch Havay adasının, başqa adı ilə Böyük Adanın, Chain of Craters Road yolunun sonunda yerləşirdi. Təbii qaya quruluşu sahilin bu hissəsində ən çox fotoşəkil çəkilən görməli yerlərdən biri idi.
NPS bildirir ki, tağın ətrafındakı sahil qayalarında bir neçə il ərzində qeyri-sabitlik əlamətləri müşahidə olunurdu. Xidmət hələ 2021-ci ildə xəbərdarlıq etmişdi ki, təbii quruluş zaman keçdikcə qaçılmaz olaraq dağılacaq.
2018-ci ildə Kilauea vulkanının püskürməsi və zirvəsinin çökməsi zamanı baş verən zəlzələlər də sahildəki qayalara əlavə zərər vurub. 2020-ci ilin yanvarında yeni çatların yaranması və qeyri-sabitlik əlamətləri səbəbindən tağın yaxınlığındakı ilkin müşahidə meydançası bağlanıb. Bir neçə ay sonra isə təhlükəsiz məsafədə yeni müşahidə nöqtəsi yaradılıb.
Həmin ilin sonunda tropik fırtınanın yaratdığı dalğalar tağın alt hissəsinin bir parçasını qoparıb. Ehtimal olunur ki, təbii tağ ötən həftəsonu Nolo tropik fırtınası səbəbindən parkın müvəqqəti bağlanması zamanı tamamilə dağılıb.
Milli Parklar Xidməti 2021-ci ildə tağın gələcəkdə dağılacağı barədə xəbərdarlıq edərkən onu belə xarakterizə etmişdi: “Bu quruluş möhtəşəmdir, lakin müvəqqətidir və mövcudluğunun məhdud müddəti var.”
Hōlei Sea Arch-ın yoxa çıxmasından sonra sosial şəbəkə istifadəçiləri bu məşhur təbiət abidəsini ziyarət etdikləri vaxt çəkdikləri fotoları və xatirələrini paylaşmağa başlayıblar.
Milli Parklar Xidməti bildirir ki, tağın dağılması parkın vəhşi və çətin keçilən sahil xəttində baş verən növbəti dəyişiklikdir. Qayalar tədricən aşındıqca və sahil xətti geri çəkildikcə, gələcəkdə həmin ərazidə yeni təbii tağların yaranması mümkündür.