“Heydər Əliyev 80-ci illərdə SSRİ ərazisində milli dövlətlərin yaranacağını deyirdi” –

Kremldə köməkçisi olmuş Soloduxin
11 May 2020 - 01:06

“Heydər Əliyev hələ 80-ci illərin sonlarında mənə SSRİ ərazisində milli respublikaların yaranacağını demişdi. Tarix və onun fəaliyyəti göstərdi ki, Heydər Əliyev sonuna qədər haqlı idi”.

Azpost.info bildirir ki, bunu Bunu APA-ya müsahibəsində 1983-85-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində çalışmış Yuri Nikolayeviç Soloduxin bildirib.

Mərhum Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Y. Soloduxin onun müdrik bir siyasətçi, rəhbər və dövlət adamı olduğunu söyləyib: “Heydər Əliyev Moskvaya gələndə uzun müddət özünə köməkçi axtarmışdı. Həmkarlarım, yoldaşlarım belə desək, məni ona tövsiyə etmişdilər. Mən Heydər Əliyevlə görüşdüm. Mənimlə xeyli söhbət elədi və onun köməkçisi vəzifəsinə qəbul olundum. Açığını deyim, çox həyəcanlı idim. Çünki o zamana kimi belə böyük miqyaslı dövlət adamı ilə çalışmamışdım. Bu gün isə arxaya baxanda deyə bilərəm ki, bu, mənim üçün sözsüz ki, böyük məktəb idi. O zamana qədər mən elə bilirdim ki, çox şey bilirəm. Lakin Heydər Əliyevlə görüşəndən, onunla birgə çalışandan sonra başa düşdüm ki, mənim bəxtim gətirib ki, belə böyük dövlət təcrübəsi olan adamla birlikdə çalışmışam. Dövlət adamında liderlik, idarəçilik, bilik və bir çox digər keyfiyyətlər olmalıdır. Siyasətçi sözü isə Heydər Əliyevə tam yaraşan, tam uyğun olan sözdür. Deyərdim ki, o, siyasətçidən də artıq idi. XX əsrdə Sovetlər İttifaqı ərazisində Heydər Əliyev miqyasında rəhbər, dövlət adamı çox az idi”.

Soloduxin Heydər Əliyevin çox məsuliyyətli olduğunu vurğulayıb: “Moskvaya böyük vəzifəyə təyin olunan zaman ona çox iş tapşırılmışdı. SSRİ Nazirlər Sovetinin Sədrinin Birinci müavini kimi nəqliyyatı, bura dəmiryolu, avtomobil və hava və dəniz nəqliyyatı daxildir, ümumilikdə sosial sferanı Heydər Əliyevə tapşırmışdılar. SSRİ-nin təhsil, elm, mədəniyyət kimi vacib sahələri də məhz Heydər Əliyevin kurasiyasında idi. Mən Heydər Əliyevin sosial sfera üzrə köməkçisi idim. Bir dəfə maraq üçün mən hansı dövlət müəssisələri ilə işlədiyimizi araşdırdım. Aydın oldu ki, 40-dan çox dövlət müəssisəsinin işini Heydər Əliyev koordinasiya edir. Təsəvvür edirsiz, bu nə deməkdir?! Onun digər bir keyfiyyəti isə hər bir işi ətraflı araşdırması idi. Ona bir işlə bağlı ərizə, kağız və ya sənəd gətirmək kifayət deyildi. Hər bir problemlə kökünə qədər maraqlanır, müzakirələr aparır, bütün qərarları dəfələrlə ölçüb-biçib qəbul edirdi”.

Soloduxin qeyd edib ki, onun işçilərinə, rəhbərlik etdiyi aparatın əməkdaşlarına da münasibəti gözəl idi: “Kremlin dəhlizlərində hakimiyyət nümayəndəsi ilə görüşmək sadə məsələ deyildi. Onun əməkdaşları, ətrafı bunu yüksək qiymətləndirirdi. Heydər Əliyev əsl dövlət adamı idi: “Baxmayaraq ki, Heydər Əliyev SSRİ hökumətində  sosial-iqtisadi sahəyə cavabdeh idi, biz onunla beynəlxalq siyasəti də müzakirə edirdik. Hiss edirdim ki, bu məsələlər onu narahat edir. Bir məqamı xatırlatmaq istəyirəm. Mən Heydər Əliyevin oğlu İlham Əliyevin ailəsi ilə Moskvada bir binada yaşayırdım. 80-ci illərin sonu idi. Heydər Əliyev oğlugilə gələndə mənə zəng edirdi, biz görüşürdük. O zaman Heydər Əliyev mənə yaxın gələcəkdə baş verəcək hadisələri olduğu kimi nəql edirdi. O, hələ o zaman Sovetlər İttifaqının ərazisində milli respublikaların yaranacağını demişdi. Eyni zamanda yalnız güclü dövlət hakimiyyətinə malik respublikaların öz müstəqilliyini qoruyub saxlayacağını söyləmişdi. Tarix və onun fəaliyyəti göstərdi ki, Heydər Əliyev sonuna qədər haqlı idi”.