“Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu sözü deyənin başına bir oyun açdılar, gəl görəsən…” –

Siyavuş Novruzov 
02 Avqust 2020 - 11:12

Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır.

Azpost.info bildirir ki, bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a verdiyi müsahibədə sabiq spikerin Ermənistana torpaq verilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Rəsul Quliyev deyir, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar?

Daha sonra S.Novruzov ad çəkmədən 90-cı illərdə mərhum prezident Heydər Əliyevin yanında Qarabağla bağlı keçirilən iclası xatırladıb: “Yaxşı xatirimdədir, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak ediblər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi “bu torpaq sənindir ki, verirsən?” Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil”.