Heydər Əliyev siyasəti – Tolerantlıq

Azərbaycanda islam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir. Bizim milli-mənəviyyatımız, milli-mənəvi dəyərlərimizə görə biz islam dininə, islam mədəniyyətinə də mənsub olmağımızla fəxr edirik.

Ulu Öndər demişdir ki: “Dünyada bir çox dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq  və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indidə yaşayır.”

İslam dini sülh əsaslı bir din olduğu üçün münaqişədən daha çox sülhə əhəmiyyət verir. İslam dininə görə əhli-kitab xüsusi bir hüquqa malikdir. İslamda hətta döyüş zamanı belə düşmənə qarşı humanist davranmaq əmr olunmuşdur.  Azərbaycandakı tolerantlıq ənənəsi Quranda yazılanlarla həmahəngdir. Quranın əl-Ənan surəsinin 108 ci ayəsində yazılır: “Allahdan başqalarına tapınanları söyməyin, yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Möminlərə Allah rızasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik. Sonra onlar rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.)”

Ümummilli lider Heydər Əliyevin: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri müstəqil Azərbaycan dövlətinin ideologiyasının əsas təməlidir.  Bu sözlər milli-mənəvi dəyərlərə bağlılığımızın, multikulturalizmin və tolerantlığın daha da güclənməsi üçün əsl vətənpərvərlik nümunəsidir.

 Tolerantlığın tərkib hissələrindən biri də müxtəlif etiqad və mədəniyyətlərə hörmətlə, ehtiramla yanaşmaqdır. Azərbaycan xalqı rus çarizmin müstəmləkəçiliyi dövründə də, uzun müddət, təqribən 70 il sovet totalitar rejiminin əsarəti altında qalsa da daim öz tolerantlığı, dözümlülüyü ilə digər xalqlara nümunə olub. Bakı sovet dövründə beynəlmiləl şəhəri idi.

Dünya tarixində “tolerantlıq” və “multikulturalizm” sözləri termin kimi sonralar tanınsa da, qədim dövrlərdən müxtəlif irqlərə, milli mənsubiyyət və dinlərə məxsus insanların müəyyən zaman çərcivəsində birgə yaşayış prinsipləri mövcud olub. İqtisadi-siyasi münasibətlər formalaşdıqca bu ən-ənə də genişlənmişdir.

Azərbaycandakı tolerantlıq mühiti, multikultural dəyərlər göz qabağındadır. Ölkəmizdə tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoq yüksək səviyyədədir. İslam dünyasındakı qarşıdurma, Avropadakı islamofobiya fonunda Azərbaycandakı vəziyyət real nümunədir, dünya üçün bir təcrübə məktəbidir.

Bu reallıq bizim həyat tərzimizdir – Ulu Öndərin qoyduğu kursdur.

Azərbaycanda konfessiyalararası səviyyədə dözümsüzlük heç vaxt olmayıb, bu gün də yoxdur. Dövlət və din arasında qarşılıqlı münasibətlərin universal modelini Heydər Əliyev yaradıb. Dövlətimiz məscidlərin, kilsələrin, sinaqoqların tikintisinə və bərpasına maddi və mənəvi köməyini əsirgəmir. Dini ocaqlara qaz pulsuz verilir. Hətta xristian dövləti olan Gürcüstanın dini binalarına qaz Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən pulsuz verilir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikanda kilsələri Heydər Əliyev Fondu hesabına təmir etdi. Rusiyada da bu cür xeyirxah işlər aparılıb. Bunlar Heydər Əliyev ənənəsidir. H.Əliyevin tolerantlıq siyasətinin davamı olaraq birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu və Azərbaycandakı katolik dini icması arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Mehriban xanım Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla ilə görüşündə xalqımızın tolerantlığından söhbət açaraq xüsusi vurğuladı ki, müxtəlif dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşamışlar.

Azərbaycanda insanların dininə, dilinə,  milliyətinə, irqinə görə fərq qoyulmur. Bu, həm Azərbaycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətidir. O, Azərbaycanda həmişə dini dözümlülüyün olduğunu qeyd edərək, yarandığı gündən Fondun tolerantlığın qorunmasına istiqamətlənən layihələrə böyük önəm verdiyini vurğuladı: ölkədə məscidlər tikilir, pravoslav və katolik kilsələrə də lazımi yardım göstərilir

Dünyada qloballaşma prosesin vüsət aldığı müasir dövrdə bir-birini tamamlayan “multikulturalizm” və ”tolerantlıq” anlayışları demokratiya göstəriciləri sırasında yetərincə önəmli mövqeyə malikdir.

Tolerantlıq coğrafi cəhətdən  müxtəlif xalqların nümayəndələrinin yaşadığı və təbii ki rəngarəng inanclara, ənənələrə malik insanların birgə yaşayış prinsiplərində mühüm sayılır.

Azərbaycanın böyük ipək yolu üstündə yerləşməsi onda milli və dini baxımdan nə qədər mürəkkəblik doğursa da, həssas, istiqanlı yurdumuzu müxtəlif adətlərin, inancların mehribancasına qaynayıb qarışdığı tolerantlıq nümunəsinə çevirməyi bacarmışdır.

Bu gün Azərbaycanda məscidlərlə bərabər yeni açılan kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Bakı şəhərində açılmış sinaqoq Avropada ən möhtəşəmlərdən sayılır. Rus pravoslav kilsəsi, katolik kilsəsi əzəmət-gözəlliyinə görə xristian ölkələrindəki kilsələrdən geri qalmır. İslamla bağlı məktəblərlə yanaşı, digər icmaların-inancları təmsil edən yesivalar (yəhudi dini məktəbləri), alman, ingilis və norveç dillərini öyrədən qruplar, mədəniyyət mərkəzləri mövcuddur. Müsəlman ibadətgahları ilə birgə yəhudi və xristian abidələri, müsəlman ənənələri ilə yanaşı yəhudi və xristian ənənələri də ölkəmizin maddi-mənəvi irsi kimi qorunur.

Azsaylı xalqların öz milli kimliyini qoruyub saxlaması üçün yüksək səviyyədə münbit şərait yaradılıb.

Azərbaycanda yaşayan çoxsaylı xalqlar heç vaxt ayrıseçkiliyə məruz qalmırlar. Talışlar, ləzgilər, udinlər, tatlar, inqloylar və s. neçə-neçə xalq göründüyü kimi dini inanc baxımından da müxtəlif təriqət və yollara mənsubdurlar. Amma Heydər Əliyev şəxsiyyətin işığında hamı bir amala xidmət edir, dost, qardaş, eynihüquqlu vətəndaş kimi özünü hiss edir və arxayın yaşayır.

Birliyin, həmrəyliyin söykəncində min illik qarşılıqlı haqq-sayla qoşa düzgün aparılmış dövlət siyasəti-Heydər Əliyev ideyaları dayanır. Ölkəmizin keçmişinə dərindən bələd olan, Sovet hakimiyyəti illərində uzun müddət respublikamıza rəhbərlik etmiş parlaq zəkası ilə maneələri dəf etməkdə xalqımıza düzgün yol göstərmiş bu dahi şəxsiyyət müstəqilliyin başlanğıcında belə bir həssas məsələyə xüsusi önəm verdi və bütün sahələr kimi onun da bazasını sivil qaydalar əsasında yenidən qurdu. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada milli və dini münasibətlər həssaslıqla tənzimləndi.

Heydər Əliyev deyib: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərinə dözümlülük deməkdir.

Ulu Öndərin digər bir tövsiyyəsi belədir; “çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyruğu, bizim yolumuzdur.”

Prezident İlham Əliyevin respublikada yüksək tolerantlığın qorunub saxlanması və möhkəmləndirilməsi yolunda atdığı daha bir addım Bakıda Beynəlxalq Multikulturalizm mərkəzinin açılması barədə verdiyi fərman oldu. Həmçinin bu sahəyə rəhbərliyi həyata keçirən bir ali dövlət qurumun müşavirlik dərəcəsində yaradılması ümumi irəliləyişə səbəb olan bir təkandır.

Artıq dünya ”multikulturalizmin Azərbaycan nümunəsi”, “Tolerantlığın Azərbaycan nümunəsi” kimi terminləri qəbul etməkdədir. 2015-ci il sentyabrın 8-də Fransanın paytaxtı Paris şəhərində “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkədir. Tolerantlıq bizim həyat tərzimizdir, fərqliliyimizdir, zənginliyimizdir. Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır.

Demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığın qorunması qanunun aliliyidir. Bu təməli Ulu Öndər Heydər Əliyev qoydu və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2016-cı ilin multikulturalizm ili elan olunması böyük əhəmiyyət daşıyır. Universitetlərdə, müxtəlif müəssisələrdə və təşkilatlarda bununla bağlı geniş tədbirlər keçirilmişdir. Bəzi xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənni tədris olunmağa başlayıb. Multikulturalizm və tolerantlıq Azərbaycandan dünyaya ixrac olunur. Ölkəmizdə bu sahədə əldə edilən uğurlar real təcrübədir, dünya üçün ilk nümunədir.

 

Bakıda Heydər məscidində müxtəlif təriqətlərin bir sırada ibadətə durması bu gün bu uğurun nümunələrindən biridir lakin çox əhəmiyyətlisidir. Tarixən xalqların din və dil müxtəlifliyi olduğu kimi ənənəvi inanclar və mədəni kültür səviyyələrdə fərqliliklər nəzərə çarpacaq həddə özünü göstərmişdir. Bəzən bir xalqın çox müqəddəs sayaraq ehtiramla keçirtdiyi bir ayin digər xalqlar tərəfindən qınanılmış şəkildə, bəzən lap məsxərə şəklində qəbul edilir. Belə hallar adətən qonşu kimi bir torpaqda yaşayanlarda böyük çətinliklər yaradır, hətta dözümsüzlük həddinə, qarışıqlığa gətirib çıxarır. Azərbaycan mühitində tarixi dözümlülük prinsipləri qorunub. Bu xalqın alicənablığından və tarixə bəxş etdiyi alicənab şəxsiyyətlərin siyasətindən bəhrələnir. Heydər Əliyev və İlham Əliyev cənabların işığı bu sahədə bəşəriyyətə mayak oldu.

 

Dünya bu gün multikulturalizmi Azərbaycandan öyrənir, tolerantlığımızdan özlərinə nümunə götürürlər. Milli mənəvi dəyərlərin birgəyaşayış normaları birdən-birə yaranmır, tarix boyu formalaşmış prinsiplər olur. Fərdi və ictimai həyatın müxtəlif sahələrində hamının qəbul etdiyi ictimai baxışlar, ideyalar, ədalət və ənənələr sistemin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bunun nəticəsidir ki, bizi istəməyən, bizə düşmən olan xarici qüvvələrin cəhdlərinə, müxtəlif səylərinə baxmayaraq Azərbaycanda din və mədəni tolerantlıq ənənəsi pozulmayıb. Bu kursun layiqli davamçısı cənab İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsi olaraq heç vaxt da pozulmayacaqdır. Bu sahədə multikultural və tolerant dəyərlər siyasətində və digər sahələrdə gördüyü işlərin işığında Heydər Əliyev şəxsiyyətin uğurlarından yazmaq heç də bir məqalə həcminə sığmaz. Azərbaycan xalqı həmişə fəxr edir və öz sabahına inanır. Çünki bu xalqın Heydər Əliyev kimi bir dahisi var,  İlham Əliyev kimi uzaqgörən siyasət aparan prezidenti vardır. Azərbaycan xalqı bu dahi şəxsiyyətləri ilə həmişə qürur duyacaqdır.

 

Əliqulu  Qardaşov,

İlahiyyat üzrə fəlsəfə doktoru,

Masallı şəhəri İmam Əli məscidinin imamı və  dini icma sədri.

                                                                                        

Əvvəlki məqalə

“Ermənistan bankları Rusiya əleyhinə sanksiyalara qoşulacaq” –

Sonrakı məqalə

90-ların sevilən ulduzu Andrey Qubin xəstədir: