“Hökumət hər min manatın cəmi 4 manatını uşaqlar üçün xərcləyir” –Ekspert rəqəmləri açıqladı

“Azərbaycanda hər 1000 manat milli gəlirin cəmi 4 manatı bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir. Avropada bu rəqəm 20-25 avrodur”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin uşaq pulu ilə bağlı xərclərini şərh edərkən bildirib.
R.Ağayevin sözlərinə görə, Azərbaycan hökuməti hər il uşaqların sosial müdafiəsinə dair ayrıca hesabat açıqlamalıdır. Həmin hesabatda uşaqların sosial müdafiəsilə bağlı həyata keçirilən bütün tədbir, təşəbbüs və proqramlar, onlara sərf edilən maliyyə vəsaitləri barədə detallı məlumatlar yer almalıdır. Hər bir bölgə üzrə xərclənən vəsaitlər, onların əhatə etdiyi uşaqların sayı barədə informasiyalar olmalıdır. Eləcə də həm ölkə, həm də bölgələr üzrə uşaq yoxsulluğu ölçülməli və hesabat daxil edilməlidir:
“Əlimdə olan mənbələr üzrə Azərbaycanda hökumətin uşaqların sosial müdafiəsilə bağlı xərcləmələrini araşdırmağa çalışdım:
1) Ünvanlı sosial yardımların 54%-ə qədəri uşaqlara çatır – təxminən 135 mln. manat
2) 18 yaşadək əlilliyi olan uşaqlara aylıq müavinətlər – 123 mln. manat
3) Ailə başçısıı itirməyə görə ödənən aylıq müavinətlər – 45 mln. manat
4) Uşağın anadan olmasına görə müavinətlər – 16 mln. manat
5) Bəzi qruplardan olan ailələrdə (məsələn, hərbi qulluqçuların, şəhidlərin övladları) uşaqlarına müavinətlər – 12 mln. manat
6) 5-dən çox uşağa görə ailələrə müavinətlər – 6 mln. manat.
Bunun cəmi 337 milyon manat edir.
Rəqəm azdır ya çox? Bunun üçün bircə müqayisə təqdim edəcəm: Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı xərclərin ÜDM-də payı orta hesabla 2.5% ətrafındadır. Ayrı-ayrı ölkələrdə daha yüksəkdir. Məsələn, Fransada 4%-ə yaxındır.
Azərbaycanda 0.4%-dir. Bu o deməkdir ki, hər 1000 avro milli gəlirin Avropada hər 20-25 (Fransada 40) avrosu, Azərbaycanda isə hər 1000 manat milli gəlirin cəmi 4 manatı bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir”-deyə ekspert vurğulayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşüb –

Sonrakı məqalə

Qubadlıda DSX-nın 3 hərbçisini öldürərək qaçan çavuş tutulub –