Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı – husilər Təl-Əviv şəhərində yerləşən “Ben-Qurion” hava limanına “Zülfüqar” ballistik raketi ilə zərbə endirib.
Qiyamçılara məxsus “AI Masirah” telekanalında yayılan məlumata görə, hücum nəticəsində hava limanının fəaliyyəti təxminən bir saat dayanıb. Bundan əlavə, yəmənli üsyançılar pilotsuz təyyarələrdən istifadə edərək Təl-Əviv və Hayfada iki hədəfə hücum həyata keçirib.
Xatırladaq ki, mayın 6-da ABŞ Prezidenti Donald Tramp husilərin Qırmızı dənizdə gəmilərə hücum etməyəcəklərini və bu səbəbdən Yəmənə zərbələrin dayandırıldığını açıqlayıb. Daha sonra Omanın Xarici İşlər Nazirliyi Yəmən və ABŞ arasında atəşkəs elan olunduğunu bildirib. Husilərin ali siyasi şurasının rəhbəri Mehdi əl-Maşat isə öz növbəsində Yəmənin Qəzza sektoruna dəstəkdən əl çəkməyəcəyini və fələstinlilərlə həmrəy olaraq İsrailə hücumları davam etdirəcəklərini vurğulayıb.