İƏT Qəbələni 2020-ci il üçün Turizm şəhəri elan etdi

20 Fevral 2020 - 12:31

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan Respublikası və İƏT qurumları ilə əlaqəli şəkildə Qəbələni “İƏT 2020”-nin Turizm şəhəri elan edib.

APA-nın məlumatına görə, “ftnnews.com” saytında dərc olunmuş məqalədə bildirilir ki, İslam Turizm Paytaxtı hər il İƏT tərəfindən üzv dövlətlərlə məsləhətləşmələr əsnasında seçilir. Proqramın məqsədi seçilmiş paytaxtların turizm və iqtisadi imkanlarını artırmaq, məhsul və xidmətlər mübadiləsi yolu ilə İslam həmrəyliyini gücləndirmək və turizm sektorunda infrastrukturu dəstəkləməkdir.

İƏT turizmi inkişaf etdirmək, mədəniyyət və incəsənəti nümayiş etdirmək və şəhər və bölgələrdə İslam turizm sərgiləri keçirmək üçün Azərbaycan Respublikası ilə əlaqəli şəkildə hərtərəfli proqram hazırlayır. XI İƏT nazirlər konfransına ev sahibliyi edəcək Qəbələ üçün 2020-ci ilin son dərəcə məhsuldar bir il olacağı gözlənilir.

Məqalədə iş adamı Tale Heydərovun fikrilərinə də yer ayrılıb. T. Heydərov bildirib ki, bu, Qəbələ üçün böyük şərəfdir. “İƏT qlobal miqyasda 57 ölkəni və 1.8 milyarddan çox insanı təmsil edən güclü qurumdur. Bu təyinat Qəbələ şəhərinin dünyada tanınmasına, həmçinin, turizm və yerli iqtisadiyyatın inkişafı üçün unikal bir imkan verəcək. Azərbaycan dünyada artıq qədim tarixi, füsunkar mədəniyyəti və uzun müddətdir davam edən ənənələri ilə tanınır. Ancaq Bakıdan kənardakı regionlar və şəhərlər hələ kəşf edilərək xəritəyə əlavə olunmalıdır. Mən ümid edirəm ki, 2020-ci il mənim mənəvi evim və IV əsrdə Qafqaz Albaniyasının qədim paytaxtı olmuş Qəbələnin turizmində dönüş anı  kimi qeyd olunacaq. Mən təkcə İslam dünyasından olanları deyil, bütün turistləri bu qədim və bütün fəsilləri olan mədəniyyət şəhərini kəşf etməyə dəvət edirəm”, – deyə Tale Heydərov qeyd edib.

İş adamı vurğulayıb ki, Qəbələnin İƏT tərəfindən tanınması onun gənclərə, eyni zamanda yaşlılara təklif etdiyi mədəni və turizm təcrübəsinin genişliyini təsdiq edir: “Mən bütün həyatım boyu Qəbələ ilə sıx əlaqədə olmuş və birbaşa onun idman mədəniyyətinin artırılmasına töhfə verməyə çalışmışam. “Qəbələ” İdman Klubunun və Futbol Klubunun sıfırdan əsasını qoydum və onlar bu günə qədər yerli ictimaiyyət üçün resurs və yerli əhali üçün böyük qürur mənbəyidir. Belə qurumların, xüsusilə də  Premyer Liqa futbol klubunun əsasının qoyulması mənə böyük sevinc və bilik verdi, eyni zamanda məni bu regionla əbədi bağlarla əlaqələndirdi.

Qəbələni görmək istəyən, lakin bu şəhəri tanımayanlar əmin ola bilərlər ki, onların hər səfəri müxtəlif həyəcanlı macəralarla dolu olacaq. Qəbələ şəhəri hər fəsil və hər yaş qrupundan olan turistlər üçün müxtəlif fəaliyyət növləri təklif edir. Qəbələ hər il Beynəlxalq Klassik Musiqi Festivalına ev sahibliyi edir, eyni zamanda Qafqaz regionundakı ən böyük xizək mərkəzlərindən biri olan “Tufandağ” Xizək Kompleksi burada yerləşir. Nohur göl və Yeddi Gözəl şəlaləsi təbiəti sevən hər bir şəxsin görməli olduğu yerlərdir. Möhtəşəm kulinariya nemətlərindən zövq almaq istəyən səyahətçilər hər il keçirilən Beynəlxalq Mürəbbə Festivalı ilə yanaşı, şəhərin zəngin və olduqca müxtəlif kulinariya nümunələrindən həzz ala bilərlər.

Qəbələ, həmçinin, arxeoloji məkanların çoxluğu ilə fərqlənir. Onun zəngin tarixi keçmişi hələ I əsrdə Plini kimi qədim müəlliflər tərəfindən sənədləşdirilib. Bu məkanlar sırasında heyrətamiz Cümə Məscidi, İmam Baba Məqbərəsi və Tarixi Etnoqrafiya Muzeyi də var.

İƏT-in Qəbələni seçməsi ona özünü dünyaya daha çox göstərmə və uzunömürlü miras yaratmağa imkan verir. Bu şəhərin indi turizmi inkişaf etdirmək və adını İslam dünyasında daha geniş miqyasda tanıtmaq şansı var. Azərbaycan tarixini və mədəniyyətini təbliğ etməkdə həddindən artıq həvəsli biri kimi, mən bu xüsusi hadisəyə görə bundan daha həyəcanlı ola bilməzdim”.