İçərişəhərli “Murad”, qarabağlı “Şahbaz bəy”, nakam “Cəlal” –Xalq artisti Ənvər Həsənovun ad günüdür

“Uşaqlığın son gecəsi” Murad, “Yeddi oğul istərəm” Cəlal, “Bizim küçənin oğlanları”Arif, “Dərviş Parisi partladır” Şahbaz, “Babək” Tərxan, “Atları yəhərləyin” Sirac və s. obrazların mahir ifaçıı, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Ənvər Həsənovun ad günüdür, 71 yaşı tamam olur.
Ömrünün 1966-cı ildən kinoya bağlayan, epizodik rollarla peşəkarlıq qazanaraq əsas qəhrəman obrazlarda tamaşaçılarının görüşünə gələn, milyonların sevgisini qazanan, bəzən içərişəhərli Murad və ya komsomol Cəlal, daha sonra qarabağlı Şahbaz bəy kimi yaddaşlarımızda qalmağı bacaran Ənvər Həsənov daima sadəliyi, təbiiliyi ilə seçilib.
1966-cı ildə rejissor Əlisəttar Atakişiyev detektiv-macəra janrında “İstintaq davam edir” filminə quruluş verir.
Yazıçı Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin motivləri əsasında lentə alınan filmdə Azərbaycan çekistlərinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından, təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur.
Ənvər Həsənov ilk dəfə məhz bu filmdə epizodik rolda çəkilib.
1967-ci ildə yazıçı Anarın ssenarisi əsasında rejissor Şamil Mahmudbəyov “Torpaq. Dəniz. Od. Səma” filmini çəkir.
4 novella-mahnıdan ibarət – torpaq, dəniz, od, səma – filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən 4 nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası açılır.
Rejissor filminə dəvət etdiyi aktyor sırasında əsgər rolunu Ənvər Həsənova tapşırır.
Yuxarıda bəhs etdiyim hər iki filmdə, hətta daha sonra bir neçə filmdə sadəcə epizodik rolda gördüyümüz aktyor gözəl ifa nümayiş etdirsə də bütün aktyorluq imkanlarını tam aça bilmir ki, bu da rolların kiçik həcmli olmasından irəli gəlirdi.
Ə.Həsənovun həyatında, yaradıcılığında ən önəmli il 1968-ci ildə başlayır.
Həmin ildə çəkildiyi “Uşaqlığın son gecəsi” filmində oynadığı Murad obrazı aktyorun karyerasında dönüş nöqtəsi olub, demək olar ki, öz həyatını oynayıb.
O mənada ki, Ənvər Həsənov da Murad kimi İçərişəhərdə böyüyüb, onun kimi çılğın, dəcəl olub.
Və filmin rejissoru Arif Babayev bu oxşarlığı əsas götürərək onu Murad roluna çəkib.
Əslində Ənvər Həsənovla Arif Babayevin yaradıcı əməkdaşlığı “İnsan məskən salır”(1966) filmindən başlayıb. Belə ki, Ənvər müəllim həmin filmin II rejissoru olub.
Ə.Həsənov deyir ki, o dövrdə yaradıcı proseslərin qaynarlığı bir başqa idi: “Təsəvvür edin ki, kinostudiyada o qədər qaynar fəaliyyət var idi, hamı da böyük həvəslə çalışırdı ki, bu səmimiyyət də birbaşa çəkilən filmlərə öz təsirini göstərirdi. “Uşaqlığın son gecəsi” filminin ədəbi ssenarisi Maqsud İbrahimbəyova məxsusdur, ancaq kino-ssenarini Arif müəllim işlədi və Murad obrazını mənə uyğun şəkildə dəyişdi”.
“Uşaqlığın son gecəsi” filmindəki Murad obrazı ilə məhşurlaşan aktyorun 1970-ci ildə Tofiq Tağızadənin quruluşunda çəkilən “Yeddi oğul istərəm” filmində oynadığı Cəlal obrazı onun uğurlarına ikiqat uğur qatdı.
Çəkilişləri Qobustan, Fatmai, Mərdəkan, Şağan, Buzovna kəndlərində və kinostudiyanın həyətində qurulmuş pavilyonda lentə alınan filmdə ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub: “Həmin səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Belə ki, Cəlal dağa, dərəyə çıxır, qayalıqları keçir, neçə yerdən qaçır və həmin vəziyyətdə dayanır Gəray bəyin qarşısında və başlayır monoloqunu deməyə. Qobustanda çəkilən epizodda Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi”.
Həmin çəkilişdən sonra bir həftə işə çıxmayan Ə.Həsənov etiraf edir ki, çox çətin səhnə idi və bir müddət özünə gələ bilməyib.
Bütün bu çətin proseslər aktyorun peşəkarlıq qazanmasına xidmət edirdi. Hər film onu uğurdan uğura aparır, kinoya olan sevgisi daha da artırdı.
Aktyorun yaradıcılığında Kamil Rüstəmbəyovla Şamil Mahmudbəyovun birgə quruluş verdiyi “Dərviş Parisi partladır” filmindəki Şahbaz bəy obrazı da böyük rol oynayır.
Qarabağın XIX əsrin ortalarındakı tarixindən bəhs edən “Dərviş Parisi partladır” filmində fransız botanik müsyö Jordanın Azərbaycana gəlişi, ölkəmizin təbiətinə, insanların qonaqpərvərliyinə vurğunluğu əks olunur. Film Qarabağda, Şamaxıda ekranlaşdırılıb.
Bəy obrazında, qaməti, duruşu ilə diqqəti çəkmək, milli geyimdə geyimə uyğunlaşmaq və məclislərin birində rəqs etmək, bütün bunlar hamısı filmdə əsas şərt idi. Aktyor bütün bunların öhdəsindən çox asanlıqla gəlib: “O vaxtlar idmanla məşğul olduğum üçün atla bağlı səhnələrdə çətinlik çəkmədim. Kinostudiyada ola-ola idmanla məşğul olurdum. Tale elə gətirmişdi ki, institutda oxuyanda bizim Əlikram müəllim “Qobustan” rəqs ansamblını yaratmışdı. 3 il ərzində “Qobustan”da məşq etdim, rəqslərə getdim. Mən artıq püxtələşmişdim, rəqs təcrübəm vardı. Ona görə “Dərviş Parisi partladır”da rəqslə bağlı da hər hansı çətinliyim olmadı”.
Bütün bu filmlərdən sonra aktyor “Azərbaycanfilm”in istehsal etdiyi əksər fimlərdə epizodik rollarda da çəkildə də əsasən rejissorluq fəaliyyəti ilə məşğul oldu, bir-birindən dəyərli sənət nümunələrinə II rejissor kimi imza atdı.
15 yaşından kinoda fəaliyyət göstərən, ustad rejissor, aktyor, rəssam və bəstəkarlarla bərabər çalışan aktyor, rejissor Ənvər Həsənovu ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, sağlam həyat, yaradıcılıq uğurları arzulayırıq.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kəlbəcər işğalından sonra digər torpaqların işğalı da labüd idi” –

Sonrakı məqalə

Saxta COVİD-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub –