İdarəçiliyə vətəndaş nəzarəti –İctimai iştirakçılıq nədir?

Vətəndaş cəmiyyətinin dövlət orqanlarının işində iştirakı, verilən qərarlara təsiretmə gücü  effektiv sayılır. Bu, vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipini təmin edir.

Azərbaycanda dövlət mərkəzi və yerli icra hakimiyyətinə və yerli özünüidarəetmə orqanlarına ictimai nəzarəti diqqətdə saxladığı əsas prioritetlərdəndir.

Bu prosesi tənzimləyən əsas qanun “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Prezident İlham Əliyev tərəfindən 22 noyabr 2013-cü il tarixində imzalanılıb və 2014-cü il iyunun 1-dən qüvvəyə minib.

Qanunla ilk dəfə Azərbaycanda vətəndaş cəmiyyəti institutları ifadəsinin hüquqi tərkibi (açılışı) verilib. Qanuna əsasən vətəndaş cəmiyyəti institutları deyilərkən – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri başa düşülür.

Qanun həmçinin ictimai iştirakçılığın prinsiplərinin qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi olduğunu bildirir.

2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanununla müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bununla da dövlət- vətəndaş münasibətlərində növbəti mərhələ başlanıb.

İctimai nəzarətin dövlət üçün son dərəcə mühüm olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib.

Qeyd edək ki, İctimai iştirakçılıq qanunla tənzimlənən qaydalara əsaslanır və kommunikasiya əlaqələrinə söykənir. Ona görə ictimaiyyətlə kommunikasiya əlaqələrinin qurulması dövlət qurumlarının işinə həm kömək, həm də dəstəkdir.

Avropa ölkələrində rəsmi qurumların fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi uğurlu idarəetmə baxımından mühüm alətlərdən biri sayılır.

Ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəalları və xüsusən Açıq Hökumət Platformasının nümayəndələri İctimai şuraların fəaliyyətinin genişlənməsi ilə bağlı məsələləri “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na daxil etməyə müvəffəq oldular.

Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 fevral 2020-cil tarixli sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” İctimai şuraların yaradılmasına çox böyük təkan verməkdədir.

«Konstitusiya» Araşdırmalar Fondunun prezidenti,Daxili İşlər Nazirliyinin yanında İctimai Şurasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, İctimai Şuraların funksiyaları ictimai nəzarəti həyata keçirmək, qurumların fəaliyyətinin şəffaflığın və hesabatlılığın artırılmasını yardım etmək, dövlət orqanları ilə vətəndaşlar arasında ictimai etimad mühitinin yaradılmasına töhfə verməkdir. Bu, ictimai müzakirələrin, ictimai dinləmələrin keçirilməsi, sorğuların aparılması, qanun layihələri və normativ aktları ilə bağlı rəy verilməsi kimi alətlərlə həyata keçirilir.

Onun sözlərinə görə, 2014-cü ildən 2020-ci ilə qədər yalnız 11 mərkəzi icra hakimiyyəti orqanlarında İctimai Şuralar yaradılmışdı. 2020-ci ilin sentyabr ayından başlayaraq proseslərdə canlanma baş verdi. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin vətəndaş cəmiyyəti ilə görüşdə bu məsələ qaldırıldı. Bundan sonra isə mərkəzi və yerli icra hakimiyyət orqanlarında görüşlər keçirildi və onlara qanunun icrası ilə bağlı müvafiq tapşırıqlar verildi. Ona görə də indi bu proses canlandı və 120-dən artıq icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması prosesi başa çatıb.

Ə.Nuriyevin sözlərinə görə, İctimai Şuraların fəaliyyəti orada təmsil olunan şəxslərin fəallığından asılıdır. Eyni zamanda Şuraların səmərəli fəaliyyətin göstərilməsi dövlət orqanların məsələyə nə dərəcədə daxil olmasından asılıdır. Çünki yenə də bir çox dövlət qurumlarında stereotiplər var ki, onların fəaliyyətinə müdaxilə etmək, yəni monitorinqlər aparmaq olmaz. Bəzən İctimai Şuraların yaradılması prosesində də bu özünü göstərir. Mərkəzi icra hakimiyyəti orqanlarında bu proses şəffaf olsa da, bəzi yerli orqanlarında bu, yetərincə şəffaf deyil.

Ə.Nuriyev vurğulayıb ki, İctimai Şuraların fəaliyyətində ən mühüm məsələ onların müstəqilliyidir. Qanunvericiliyə görə, İctimai Şuraların üzvləri öz fəaliyyəti dövründə yarandığı qurumdan hər hansı qrant, qonorar ala bilməz. Çünki əks halda üzvlər heç bir məsələni artıq qaldıra, nöqsanları deyə bilməz.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin fikrincə,  İctimai nəzarətin həyata keçirilməsi üçün müxtəlif mexanizm və imkanların yaradılması və bu imkanların qanunla təsbit olunması vacib şərtlərdəndir. Bu baxımdan informasiyaya əlçatanlığın və ictimai iştirakçılığın təmin olunması çox vacibdir. İnformasiyaya əlçatanlığın təmin olunması üçün qanunvericilikdə müddəalar yer alıb.

İctimai nəzarət dünyanın müxtəlif ölklərində tətbiq olunur. İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və icra olunan fəaliyyətlərinin nə qədər qanunvericiliyə uyğun olmasının yoxlanmasıdır. Yəni bir icra orqanının fəaliyyəti var və onun yanında orqanda çalışmayan, ictimai əsaslarla fəaliyyət göstərən digər qurumlar ictimai nəzarəti həyata keçirirlər.

İctimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları: QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları toplaşıb müvafiq ictimai şuralar təşkil edirlər və fəaliyyəti sürdürürlər. İctimai şuralar resursların rasional istifadəsinə, idarəetmə aparatının səmərəliliyinə, dövlət orqanları tərəfindən qəbul olunan qanunların həmin strukturlar tərəfindən nə dərəcədə doğru-dürüst şəkildə icrasına, qadağalara, məhdudiyyətlərə nə dərəcədə riayət edilməsinə və s. nəzarət edəcəklər.

İctimai Şura üzvlərinin fikirləri qurum rəhbərliyi tərəfindən dinlənilirsə və qəbul edilirsə, bu daha konstruktiv formadır. İctimai Şuranın üstünlüyü də məhz ondan ibarədir ki, rəhbərlik daha əlçatandır və bu imkanlardan istifadə olunması müsbət nəticələr verir.

Bütün hallarda təkcə İctimai Şuraların üzvləri deyil, bütün vətəndaş cəmiyyəti təşkilatları ictimai iştirakçılığın və xüsusən də İctimai Şuraların fəaliyyətinin uğurlu alınması üçün və xüsusən şəffaflığın təmin olunması üçün prosesləri yaxından izləməlidir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimlinin sözlərinə görə, İctimai Şuraların yaradılması zamanı qanunvericliyin tələblərinə tam, subyektiv şərh vermədən əməl edilməsi təməl şərtdir.

Dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflər məsuliyyət və cavabdehliklərini unutmamalıdırlar. Nəzərə alınmalıdır ki, yanlış qərarların təsiri yalnız bu qərarları verənlərlə məhdudlaşmır, bütün prosesə kölgə salır. Dövlət başçısının ictimai nəzarətin gücləndiriləsi ilə bağlı təşəbbüsləri, çağırışları vətəndaş cəmiyyəti üçün cəmiyyət və dövlət müstəvisində qərarların qəbulu, iştirakçlığın genişləndirilməsi üçün çox böyük imkanlar açıb. Bu imkanlardan mümkün qədər faydalanmaq isə əsas vəzifəmiz olmalıdır. Cəmiyyət və dövlətə vətəndaş cəmiyyətinin böyük potensialını göstərməyə çalışmalıyıq.

İctimai Şuranın yaradılması özlüyündə son məqsəd deyil. Məqsəd ictimai iştirakçılığı genişləndirməyə, ictimai nəzarəti gücləndirməyə nail olmaqdır.

“İctimai iştirakçılıq haqqında” qanun vətəndaşlara da heç bir təşkilat yaratmadan, yalnız təşəbbüs qrupları vasitəsilə ictimai dinləmə, müzakirə keçirmək, İctimai şuralara namizəd irəli sürmək hüququ verir. Eyni zamanda, dövlət orqanları üçün ictimai iştirakçılıq-nəzarət üçün mexanizmlərinin tətbiq ilə bağlı geniş öhdəliklər müəyyənləşdirir. Milli qanunvericilik qərarların hazırlanması mərhələsindən tutmuş, onun icrasına nəzarət edilməsi, izlənilməsi, təkliflər verilməsi, müzakirəyə çıxarılması və s. səviyyəyə qədər iştirakçılıq və ictimai nəzarət, ictimaiyyətlə məsləhətləşmək imkanları nəzərdə tutub.

Bu prosesə dövlət orqanları  daha məsuliyyətlə yanaşmalıdırlar, QHT-lər də öz növbəsində peşəkarlıq, maraqlar toqquşmasının yol verilməzliyi prinsiplərini rəhbər tutmalıdırlar.

Verilən qərarlar zamanı vətəndaşların bu qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa, həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır.

G.HÜSEYNOVA

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Azərbaycan Ordusu Ermənistan istiqamətində atəş açmayıb –

Sonrakı məqalə

“Putinin əmri ilə istənilən yaşayış məntəqəsini almağa hazırıq”