III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başlanıb

Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

DİM-dən bildirilib ki, imtahan saat 11:00-da başlanıb. İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi–müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 22 min 146 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 20071 nəfər Azərbaycan, 2075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5579 nəfəri oğlan, 16567 nəfəri isə qızdır. 19154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.

İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir.

Əvvəlki məqalə

Cəlilabadda II çiyələk festivalı başlayıb

Sonrakı məqalə

Sosial şəbəkələrdə bankların adından saxta iş elanları paylaşılır