İlham Əliyev Hadrutdakı təxribatla bağlı Ermənistana xəbərdarlıq etdi

12 Dekabr 2020 - 19:19

“Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı bildirib.

Dövlət başçısı deyib ki, hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar: “Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.