Sentyabrın 7-də REAL qərargahında vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələr keçirilib.
Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, partiya sədri İlqar Məmmədov seçici iştirakçılığından danışıb, sualları cavablandırıb. O, daha çox indiyəqədərki seçki və referendumlarda müxalifətin boykot qərarı qəbul etməsini tənqid edib. Bu qərarların doğru olmadığını deyib. Onun fikirincə, boykot qərarları heç də sonda müxalifətin istəklərinə cavab verməyib. İlqar Məmmədova görə, boykot edilən hər seçkidən sonra hakimiyyətin beynəlxalq aləmdə təcrid olunacağı ilə bağlı gözləntilər də özünü doğrultmayıb və hər şey əksinə olub: “Kim təcrid olunub, belə təcrid olunur. Azərbaycan prezidenti dünya rəhbərləri tərəfindən qəbul olunur, Azərbaycan parlamenti beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Belə təcrid olar. 2015-ci ilin parlament seçkiləri, 2018-ci ilin prezident seçkisi, 2016-cl ilin referendumu yenə baykot. Ümumiyyətlə 2002, 2009, 2016-ci illərdə 3 dəfə referendum keçirilib üçünü də müxalifət boykot edib. Hansı biri nəticə verib, hansı biri hansısa irəlləyişə gətirib çıxarıb.“
Partiya sədri hesab edir ki, əslində hər boykotdan sonra hakimiyyət öz planlarını daha rahatlıqla həyata keçirir. “Ona görə deyirəm ki, boykot mübarizə üsulu deyil”. Partiya sədri deyib ki, əgər hakimiyyət xoşməramlı olsaydı bu ölkədə seçki mühitini yaradardı, yox əgər bunu etmirsə onda bu işi müxalifət görməli, heç olmasa insanlarda seçki ruhunun ölməsinin qarşısını alağa çalışmalıdır: “Seçki təkcə sərbəst toplaşma azadlığı və ya digər bu kimi azadlıqlardan ibarət deyil. Müxalifət heç olmasa insanlarda seçki ruhunun ölməsinin qarşısını almalıdır”.