İmişlidə eksqumasiya olunacaq şəhidlərin qalıqları dəfn ediləcək

21 Yanvar 2020 - 12:56

1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə eksqumasiya olunub və müvafiq nümunələr götürülüb. 

Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilmişdir.

Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcəkdir.

Dövlətimiz tərəfindən şəhidlərin ruhuna və unudulmaz xatirəsinə hörmətin növbəti əyani nümunəsinin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini nəzərə alaraq, mərasimin KİV-də geniş işıqlandırılması işində köməyinizi əsirgəməməyinizi xahiş edirik!

Daha ətraflı press-reliz dəfn günü təqdim olunacaq.