Bu gün İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yığıncaqda açıq səsvermə yolu ilə Əməkdar müəllim Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Qeyd edək ki, R.Əmirov 2021-ci ilin mayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub. O, həmçinin uzun illər İmişli Rayon Təhsil Şöbəsinə rəhbərlik edib.
Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.
S.Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun vəzifədən uzaqlaşdırılmasından snra çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olduğuna dair də məlumatlar yayılıb.