“Zəfər dövrünün parlamentinin 1990 və xüsusilə 2000-ci illərin leksikonu ilə qiymətləndirilməsi çox yanlışdır”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin VI çağırış deputatı Zahid Oruc “Turan”a bildirib.
Z.Orucun fikrincə, parlamenti oliqarxların, hakimiyyət içərisindəki hər hansı qruplaşmanın mənafeləri istiqamətində parçalamaq, o cür qələmə vermək çox yanlışdır: “Düşünürəm ki, Vətən müharibəsində qələbə qazanan dövlət başçısının rəhbərliyi altında hökumətin içərisində kiminsə lokal siyasi maraqlarına tabe olan insanları hakimiyyət qollarına yerləşdirərək belə avtonom mübarizə aparması sadəcə ağlasığmazdır”.
O, qeyd edib ki, bu ilin prezident seçkilərində xalq prezident İlham Əliyevə çox yüksək etimad göstərib: “Bunun fonunda elə bir qüvvə tapılmaz ki, “mən hakimiyyət orqanlarında, qollarında iqtisadi mənafe qrupları yaradacağam, siyasi maraq daşıyıcılarım olacaq və orada onlar ali rəhbərinin siyasi xəttini deyil, mənim maraqlarımı qoruyacaq” desin”.
Z.Orucun fikrincə, hansısa xırda qanun pozuntusunu ümumiləşdirib onu diplomatların, iqtisadçıların, siyasətçilərin cəmləşdiyi Milli Məclisə ictimai etimadsızlıq kimi qələmə vermək yanlışdır: “Son 16 gündə informasiya mühitinə daha çox parlament seçkilərində məğlub olanların mövqeləri təqdim olunur. Onların bir qismi hakim partiyanın siyahısında olmadıqlarından bu mövqeni tuturlar, bir qismi də seçki təbliğatı üçün rəsmən ayrılmış məkanları boş qoyan, vətəndaşın ayağına getməyən, amma uzun illər ‘Qələbə meydanını, Azadlıq Meydanını bizə versəydilər, hakimiyyətinin taleyini bir gün içində həll edərdik’ deyən alternativ qüvvələrdir. Azərbaycanda ilk dəfə idi ki, bütün namizədlər xalqın qarşısına Qarabağ, işğal, torpaq mövzusunda getmirdi”.