“İndiki şəraitdə dövləti aldatmaq xəyanətə bərabər tutulacaq” –

İlham Əliyev
17 Aprel 2020 - 19:28

“İstisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclasında çıxışı zamanı deyib.

Prezident deyib ki, indi dünya praktikasına da baxdıqda artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür: “Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq”.

Dövlət başçısının sözlərinə görə, qeyd olunan məsələlər öz müsbət həllini taparsa, qeyri-formal məşğulluq karantin rejimindən sonra təbii olaraq düşəcək: “Çünki bu müddət ərzində on minlərlə əmək müqaviləsi bağlanmışdır və bu gün qeyri-formal sahədə işləyənlər artıq görəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır. Ona görə siz sahibkarlarla müntəzəm əlaqə saxlayın, o cümlədən maarifləndirmə, onların vicdanla fəaliyyət göstərməsi ilə əlaqədar mütləq təmasları davam etdirin”.

Prezident vurğulayıb ki, onlara göstərilməlidir ki, dövlət nə qədər böyük yükü öz üzərinə götürüb: “Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün, bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir”.