İpoteka Fondu təkzib edib:

“Sistem çökməyib, məlumat yalandır”
23 Yanvar 2020 - 23:22

“İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, 22 yanvar 2020-ci il il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Azpost.info-nun məlumatına bunu İKZF açıqlamasında bildirib.

“Məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub. Qeyd etmək istəyirik ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub”-deyə Fonddan məlumat verilib.

Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.

“Bildiririk ki, hazırda  “Elektron ipoteka və kredit zəmanət” sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir və Fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir.

Yekun olaraq, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq” – deyə açıqlamada deyilir.

2013-cü ildən etibarən tətbiq olunan elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda Fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir.