“İrəvan bu təhlükəni anlamağa başlayıb” –POLİTOLOQ RƏYİ

“İkinci Qarabağ müharibəsinin bitməsindən üç il keçsə də, sülh danışıqlarında heç bir nəticə əldə olunmadı. Bunun da səbəbi vasitəçilərin bacarıqsızlığı, yaxud Ermənistanın maraqlarından çıxış etməsi oldu. Nəhayət, rəsmi Bakı İrəvana vasitəçisiz danışıqlar aparmaq təklifi göndərdi. Müşahidə onu göstərir ki, vasitəçisiz danışıqlarda irəliləyişə nail olmaq mümkündür. Azərbaycan Prezident Adminstrasiyası ilə Ermənistanın Baş nazirinin Aparatının birgə bəyanatı sübut edir”.

Bu sözləri Azpost.info-ya açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezident Adminstrasiyası və Ermənistanın Baş nazirinin Aparatı birgə bəyanat yayıblar. Birgə bəyanatda qeyd olunub ki, Bakı 32 erməni əsiri, İrəvan isə iki Azərbaycan əsgərini azad edəcək. Bəyanatda deyilir ki, İrəvan və Bakı yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı danışıqları davam etdirəcək, beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın yaranmasına kömək edəcək və bütün Cənubi Qafqaz regionunda münasibətlərə müsbət təsir edəcək səylərini dəstəkləməyə çağıracaq.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri arasında ikitərəfli görüşün keçirilməsi, ardınca Bakı və İrəvanın humanizm dəyərlərini rəhbər tutaraq saxlanılan hərbiçilərin azad edilməsi və xoş niyyət olaraq digər siyasi razılaşmaların əldə olunması birbaşa dialoqda əldə olunan nəticə sayılmalıdır: “Təbii ki, münasibətlərdə dönüşün yaranmasında Azərbaycanın sülhə məcburetmə tədbirlərinin rolu böyükdür. Ermənistan da, beynəlxalq hüququ yox, öz maraqlarını güdən ölkələr də başa düşdülər ki, Azərbaycanla güc, zor yolu ilə danışmaq olmaz. Bizimlə ancaq əməkdaşlıq etməklə nəticəyə nail oluna bilər”.

“Hesab edirəm ki, Azərbaycan və Ermənistan hökumətləri arasında razılaşma tarixi hadisədir. Bu, tərəflərin vasitəçilərsiz bir-birinə etimadının yaranması istiqamətində ilk addımlardır. İkitərəfli razılaşmaların bundan sonra da mərhələlərlə davam edəcəyi istisna deyil. Ola bilsin Ermənistan regionu maraqlı ölkələrin münaqişə ocağına çevirməyin nə qədər təhlükəli olduğunu və bunun nəticələrinin onun üçün nə qədər ağır ola biləcəyini başa düşməyə başlayıb”, – analitik əlavə edib.

Y.Hacızadənin sözlərinə görə, hər iki ölkə ölkənin birgə xoşməramlı bəyanat verməsi regionda sülhün əldə olunmasının vaxtının çatdığını və bunun üçün mühüm şəraitin formalaşdığını göstərir: “Bu baxımdan, hesab edirəm ki, yaxın gələcəkdə sülhün əldə olunması üçün daha böyük addımlar atıla bilər”.

Anar ABDULLA

 

 

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.