İran Araz çayı üzərində “Xudafərin SES”-in tikintisi ilə bağlı Azərbaycanla danışıqlara başladı

17 Dekabr 2020 - 19:52

“Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişlə tərəflərə həvalə edilmiş tapşırıqların, habelə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin müvafiq maddələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə müvafiq Texniki Komissiyaların növbəti görüşü dekabrın 14-16-da Naxçıvan Muxtar Respublikasında keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasların əsas müzakirə mövzuları “Xudafərin” bəndində İran İslam Respublikası tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub.

Görüşlər çərçivəsində, həmçinin, “Ordubad” Su Elektrik Stansiyasının tikintisi aparılan əraziyə yerində baxış keçirilib və daha sonra tikinti prosesinin sürətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Eyni zamanda “Marazad” SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin davam etdirilməsi planlaşdırılır.