ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar zamanı nüvə silahı hazırlamamaq və satın almamaq öhdəliyini qəbul etdiyini bildirib.
“Fox News”a müsahibəsində Tramp deyib ki, ilkin mərhələdə İran yalnız nüvə silahı istehsal etməyəcəyini bəyan edib.
ABŞ liderinin sözlərinə görə, bundan sonra saziş layihəsinə İranın nüvə silahını nə hazırlayacağı, nə də hər hansı formada əldə edəcəyi barədə müddəa əlavə olunub.
O, bunun mühüm dəyişiklik olduğunu vurğulayıb. Tramp həmçinin bildirib ki, potensial razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılmasını da nəzərdə tutur.
Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların gözləniləndən daha yavaş getdiyini bildirib. O, müsahibəsində iranlıların sərt danışıq aparan tərəf olduğunu deyib. Trampın sözlərinə görə, ABŞ istədiyi nəticələrə tədricən yaxınlaşır, lakin proses vaxt aparır.
ABŞ lideri qeyd edib ki, tələsmək yaxşı razılaşmanın əldə olunmasına mane ola bilər.