İranda koronavirusdan ölənlərin sayı 15-ə çatıb

25 Fevral 2020 - 17:54

İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyi açıqlamasında bildirib.

Məlumatda bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayının 95 nəfər təşkil etdiyi qeyd olunub. 

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.

Nazir müavini özü bildirib ki, onda koronavirus aşkarlanıb və virusla mübarizə aparır.

İran Səhiyyə Nazirliyi Qum şəhərində içərisində maska, infeksiyaya qarşı xüsusi məhlul və virusdan qorunma təlimatı olan paketlər paylayacaq.

Tibb məhsulları istehsal edən zavodlar maska və infeksiyaya qarşı məhlul çatışmazlığını aradan qaldırmaq üçün növbə ilə çalışırlar. 

İran Səhiyyə Nazirliyi koronavirusa yoluxma şübhəsi olan şəhər əhalisinə müraciət edib. Nazirlik hökumətin məcburi karantin icra etməməsi üçün əhalini könüllü şəkildə evlərindən bayıra çıxmamağa çağırıb.

Qeyd edək ki, bu gün Çinin Tehrandakı səfirliyi ölkəsinin adından İrana 250 min maska hədiyyə edəcək. Səfirlik elan edib ki, yaxın günlərdə əlavə yardımlar da ediləcək.