Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.
Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olunaraq götürülüb.
Sərhəd pozucularından biri – Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanıb, digər 3 nəfər ərazinin mürəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaşıb.
Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilib, Yardımlı rayonunun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri – 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıb.
Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qayalıqdan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.