Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.
DİN-dən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Oqtay Nağızadə saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 3 kiloqrama yaxın yüksək təsiredici narkotik vasitə hesab edilən heroin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Sabirabad rayon sakini Rəşad Vəliyev narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 1 kiloqram heroin aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Oqtay Nağızadə və Rəşad Vəliyev şəxsiyyəti istintaqla araşdırılan “İsa” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradıblar. Daha sonra onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satıb maddi gəlir qazanmaq niyyəti ilə əldə ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Oqtay Nağızadə və Rəşad Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.