İsa Qəmbər Arif Hacılını dəstəklədi, bəyanat verdi:

“Başqan kimi onu görmək istəyirəm” 
09 Oktyabr 2019 - 11:21

İsa Qəmbər Müsavat partiyasının üzvlərini oktyabrın 12-də keçiriləcək qurultayda partiyanın hazırkı başqanı Arif Hacılıya səs verməyə çağırıb.

Azpost.info bildirir ki, bununla bağlı İ. Qəmbər açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, 2014-cü ilin sentyabrında- Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı mövqeyinin açıqlamamasının iki əsas səbəbi olub: “Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam dəstəklədiyim aday asanlıqla qalib gələ bilər. Və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim. İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.
İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər”.

Onun sözlərinə görə, 9-cu qurultay ərəfəsində namizədlərdən heç biri İ. Qəmbərə mövqe bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymayıb: “Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

Bu mövqeyni əsaslandıran İ. Qəmbər Arif Hacılını Azərbaycanın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biri adlandırıb. “Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli-azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?”

Onun sözlərinə görə,  bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbr və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq sahəsində mümkün olan hər bir şeyi edib.