İşğaldan azad edilmiş ərazilərdə 30 min mina tapılıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) və Dövlət Sərhəd Xidmətinin məsul nümayəndələri iştirak ediblər.

Aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planı üzrə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işlərinin icra vəziyyəti barədə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il noyabrın 10-dan 2022-ci il aprelin 14-dək 8372.9 hektar ərazi təmizlənmiş, 30 min 572 ədəd mina və PHS aşkar edilmiş, carı il aprelin 1-dən 14-dək isə 506.4 hektar ərazi təmizlənmiş, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib) barədə məlumat təqdim edilib. Agentliyə daxil olan müraciətlər əsasında bitmiş və hazırda davam edən minatəmizləmə layihələrinə dair müzakirələr aparılıb.

Aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari il aprelin 1-dən 14-dək Müdafiə Nazirliyinin mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 hektar ərazi təmizlənib, 71 ədəd PHS aşkar edilib. Təsdiq edilmiş tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirildiyi bildirilib. Ümumilikdə Müdafiə Nazirliyi tərəfindən 15 min 26 hektar ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 min 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb. Humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə mexaniki minatəmizləmə maşınlarının sayının artırılması istiqamətində qeyd edilib ki, ayın sonuna qədər 13 ədəd Türkiyə Respublikasının istehsalı olan MEMATT maşınlarının təhvil alınması gözlənilir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən Ağdam və Füzuli rayonları istiqamətində cari il aprelin 13-dək ümumilikdə 1 milyon 14 min 872 kvadratmetr ərazi təmizlənib və 4097 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işinə 50 nəfərdən ibarət FHN minaaxtaran bölmələri cəlb edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən aprel ayı ərzində 69 hektar ərazi təmizlənmiş, 38 ədəd mina və partlamamış hərbi sursat (2020-ci ilin noyabrından 2022-ci il aprelin 13-dək 775 hektar ərazi təmizlənib, 3102 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilib.

Eyni yanaşma metodologiyası və bəlli standartların tətbiq edilməsi ilə təmizlənmiş ərazilərdə keyfiyyət yoxlamasının icrası məqsədilə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq bölmə nümayəndələrinə ANAMA tərəfindən bu sahədə “Təlimçilərin Təlimi”nin keçirilməsinin vacibliyi vurğulanıb.

ANAMA tərəfindən Mina Sahələrinin Havadan Tədqiqatı – RAMS (Remote Aerial Minefield Survey) texnologiyası ilə mina sahələrinin tədqiq olunması barədə məlumat verilib. Qeyd edilib ki, süni intellekt vasitəsilə keçən il ərzində Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Süni intellekt texnologiyalarının proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanına malikdir. Həmçinin, süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tətbiqini təmin edir.

Mina və müharibənin partlayıcı qalıqlarının təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, vətəndaşlara diqqətli davranış və məsuliyyətli yanaşmanın təbliğ olunmasının vacibliyi vurğulanıb.

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məsələlərin birgə həlli yolları təhlil olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Əvvəlki məqalə

Samir Şərifovun birinci müavini vəfat edib

Sonrakı məqalə

“Çin Rusiya və Ukrayna arasında seçim etməlidir” –