İsveçin Fagersta şəhərində yerləşən “Brinellskolan” məktəbində baş vermiş ağır cinayətlə bağlı istintaq davam edir. Məktəbin 18 yaşlı şagirdinin törətdiyi hücum nəticəsində 17 yaşlı məktəbli qız həlak olub, daha üç nəfər yaralanıb. Təqsirləndirilən şəxs hadisə yerində saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
AZƏRTAC xəbər verir ki, istintaq hadisənin bütün təfərrüatlarını araşdırır, hakimiyyət orqanları və ekspertlər isə hücumun mümkün səbəblərini, eləcə də bu cür cinayətlərin qarşısının alınması yollarını müzakirə edirlər.
İsveç mediasının məlumatına görə, 18 yaşlı hücumçu əvvəllər təxminən üç il döyüş sənətləri ilə məşğul olub. Keçmiş məşqçiləri onu utancaq, qapalı və aqressiv davranış nümayiş etdirməyən yeniyetmə kimi xarakterizə ediblər. Bununla belə, onun daha əvvəl zorakılıq əməlinə görə məhkum olunduğu məlum olub. Ötən il isə məhkəmə ailə şəraitində ciddi problemlər aşkar etdiyindən o, dövlət himayəsinə verilib. İstintaq materiallarına əsasən, atası onu zor tətbiq etməklə və hədələməklə ağır döyüş sənəti məşqlərinə məcbur edib.
Ekspertlərin fikrincə, hücum əvvəlcədən diqqətlə planlaşdırılıb. Tədris ilinin ilk günlərinin seçilməsi təsadüfi olmayıb – məhz bu dövrdə şagirdlər daha çaşqın vəziyyətdə olur və bu da hücum edən şəxsə maksimum təsir yaratmağa imkan verir. Mütəxəssislər həmçinin təqsirləndirilən şəxsin sosial şəbəkələrdəki fəaliyyətinə diqqət çəkiblər. Belə ki, hücumdan az əvvəl onun hesabında hədələyici yazı ilə qılınc fotosu paylaşılıb. Onların sözlərinə görə, bu cür internet icmaları qəddar cinayətlərin törədilməsini təşviq edir.
Faciədən sonra İsveçin Baş naziri Ulf Kristersson və müxalifət lideri Magdalena Andersson Fagerstadakı məktəbin yaxınlığında yaradılmış xatirə məkanını birlikdə ziyarət ediblər. Kristersson seçkiqabağı kampaniyanın müvəqqəti dayandırıldığını bildirərək, əsas prioritetin zərərçəkənlərə dəstək göstərilməsi və hadisənin bütün hallarının araşdırılması olduğunu vurğulayıb.
Ədliyyə naziri Gunnar Strömmer baş verən hadisənin hərtərəfli təhlil ediləcəyini və zərurət yaranacağı təqdirdə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi üçün əlavə tədbirlərin nəzərdən keçiriləcəyini bildirib. Ekspertlər isə hesab edirlər ki, bu cür cinayətlərin qarşısının alınması məktəblər, sosial və psixi sağlamlıq xidmətləri arasında sıx əməkdaşlığı, eləcə də problemləri diqqətdən kənarda qalan qapalı yeniyetmələrə daha çox diqqət yetirilməsini tələb edir.