İtaliya hökuməti Qətərdən ixracatdakı fasilələr fonunda alternativ qaz tədarükünü təmin etmək üçün ABŞ, Azərbaycan və Əlcəzair daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.
“Reuters” xəbər verir ki, bunu İtaliyanın energetika naziri Cilberto Piketto Fratin bəyan edib.
Onun sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna zərbələri ciddi nasazlıqlara səbəb olub.
“Qətərdə daha əvvəl fəaliyyəti dayandırılmış mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun da bombardmana məruz qalması faktının özü qiymətlərə dağıdıcı təsir göstərib”, – nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq, İtaliya Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz alışına qayıtmaq niyyətində deyil.
“Qatar Energy”nin məlumatına görə, hücumlar nəticəsində LNG üzrə ixrac gücünün təxminən 17 %-i sıradan çıxarılıb ki, bu da ildə təqribən 20 milyard dollar itkiyə gətirib çıxara və Avropa ilə Asiyaya tədarüklər üçün təhlükə yarada bilər.
İrana məxsus «Cənubi Pars» qaz yatağına zərbə endirilməsindən sonra İran da Qətərdəki «Qatar Energy» şirkətinin dünya əhəmiyyətli qaz obyektlərini bombalayıb.
Nəticdə bütün dünyada, o cümlədən Azərbaycanın qaz satdığı Avropada qazın qiyməti kəskin artıb.