Sosial Tədqiqatlar Mərkəzi ölkənin milli maraqlar ilə bağlı olan qlobal və regional prosesləri, habelə ölkə daxilində siyasi, sosial və iqtisadi sahələrdə baş verən hadisələri təhlil edən, ictimai əhəmiyyətli müxtəlif mövzularda tədqiqatlar aparan, ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Mərkəz son dövrlər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında artan müzakirələrdən və onların təşəbbüsündən irəli gələrək, mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında rəy sorğusu keçirib.
Qeyd edək ki, mətbuat xidmətlərinin hər zaman bir neçə funksiyası olub: təmsil etdiyi təşkilatın mətbuatla və mətbuat vasitəsi ilə cəmiyyətlə əlaqələrini təmin etmək, onun fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və həmin təşkilatın rəhbərliyini müxtəlif sahələr üzrə mətbuatda gedən informasiya ilə, habelə ictimai rəylə tanış etmək, bu əsasda müvafiq sənədlər hazırlamaq.
Müxtəlif zamanlarda ayrı-ayrı media mənsubları mətbuat xidmətləri ilə bağlı media sorğuları həyata keçirib. Hazırkı sorğuda daha çox media mənsublarının qurumların mətbuat xidmətinə yanaşması, gözləntiləri və ümumi baxışları yer alıb.
Mətbuat nümayəndələri daim qurumların kommunikasiya siyasətində çatışmayan tərəfləri qeyd ediblər. Eyni zamanda onları qane edən ünsiyyət meyarları da KİV nümayəndələri tərəfindən qeyd olunub.
Ümumilikdə, son illər jurnalistlər üçün media qurumları ilə işləmək xeyli rahatlaşıb. Sorğuda iştirak edən jurnalistlər də qeyd edir ki, təxminən 10 il əvvəl ilə müqayisədə informasiyaları dəqiqləşdirmək, məlumat almaq, mövqe öyrənmək xeyli asanlaşıb.
KİV işçiləri düşünür ki, əslində mətbuat xidməti rəhbərliklə mətbuat arasında vasitəçi rolunu oynamalıdır. Mətbuat katibləri bəzən çalışırlar ki, işlədikləri qurum barədə mənfi xəbərlər yayılmasın. Jurnalistin baş verən hadisəyə çevik yanaşması həm də məsələnin birbaşa bağlı olduğu dövət qurumundan asılıdır.
Mətbuat katibinin sorğulara operativ cavab verməsi həmin qurumla bağlı dezinformasiyaların yaranmasına imkan vermir.
Sosial Tədqiqatlar Mərkəzi sadalanan məsələləri nəzərə alaraq 26 may – 06 iyun 2023-cü il tarixləri arasında 384 nəfər jurnalist arasında telefon üsulu ilə rəy sorğusu keçirib.
Sorğuda iştirak edən media mənsublarının 51,6%-i kişi, 48,4%-i qadın olub.
İştirakçıların 19.3%-i 18-24, 38.5%-i 25-34, 25.5%-i 35-44, 13.3%-i 45-54, 2.6%-i 55-64 yaş aralığında olub. Onların 0.5%-i 65 və yuxarı yaş qrupunu təmsil edib, 0.3%-i yaşını bildirməkdən imtina edib.
Sorğuda iştirak edən mətbuat işçilərinin 97.7%-i ali təhsilli, 1.3%-i texniki və ya peşə təhsilli, 0,8%-i isə orta təhsilli olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 90.9%-i Bakı, 6.5%-i Abşeron-Xızı, 2.6%-i digər regionlarda yaşadığını qeyd edib.
Respondentlərə ünvanlanan ilk sual mətbuat xidmətlərinin fəaliyyətinə məmnunluq yanaşmasını ortaya çıxarıb.
“Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razısınızmı” sualına 78.1% “qismən razıyam”, 12.8% “tam razıyam”, 8.6% “heç razı deyiləm” cavabını verib. 0.5% respondent suala cavab verməkdə çətinlik çəkib. Jurnalistlər bəzi qurumların media fəaliyyətini bəyənsələr də, digər qurumların bu sahədəki fəaliyyətindən narazılıq ifadə edib. Nəticədə “qismən razıyam” cavabı verənlər üstünlük təşkil edib.
Sorğuda iştirak edənlərə “Mətbuat xidmətlərinin fəaliyyətində hansı meyarları vacib hesab edirsiniz?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. Media nümayəndələrinin əsas hissəsi, 69.8%-i hadisələrə operativ reaksiya vermək ənənəsi, 51.0%-i jurnalistlərə qarşı ayrı-seçkilik edilməməsi və 46.1%-i jurnalistlərlə fəal ünsiyyət bacarığı meyarlarını vurğulayıb.
KİV mənsublarının narazı salan məqamları aydınlaşdırmaq üçün onlara bu istiqamətdə sual ünvanlanıb. “Mətbuat xidmətlərinin fəaliyyətində sizi narazı salan əsas nüanslar hansılardır?” sualına verilən cavablara əsasən, medianın sorğularına gec reaksiya verilməsi məsələsi, rəhbərliyin təsdiqini gözləmək əsası ilə sorğuların cavablandırılmaması, jurnalistlər arasında ayrı-seçkilik edilməsi məsələləri sorğuda önə çıxan əsas problemlər kimi müəyyən olunub.
Jurnalistlərə həmçinin qurumların mətbuat xidmətlərinin böhranlı situasiyadakı işləri ilə bağlı sual ünvanlanıb. Qeyd edək ki, böhran menecmenti klassik idarəetmə yanaşmasından fərqli bir sıra unikal xüsusiyyətlərə malikdir. Böhran menecmentinin əsas məqsədi böhranları qabaqlaya biləcək, onların növlərini fərqləndirən, böhrana qarşı tədbirlər görə bilən, eyni zamanda keçmişdə olmuş böhranlardan yeni şeylər öyrənən və ən sürətli şəkildə özünü toparlaya bilən təşkilatlar yaratmaqdır.
“Qurumların mətbuat xidmətləri fors-major hallara və böhranlı vəziyyətlərə dair böhran kommunikasiyasında uğurlu fəaliyyət göstərirmi?” sualına sorğuda iştirak edənlərin 56.0%-i “xeyr”, 34.4%-i “bəli” cavabını verib. Respondentlərin 9.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Sorğu nəticələrindən aydın olur ki, ümumi mənada qurumların böhran kommunikasiyası siyasəti KİV nümayəndələri tərəfindən bəyənilmir. Lakin bu sahədə kifayət qədər çevik və fəal işləyən mətbuat xidmətləri də mövcuddur.