Kərim Vəliyev XTQ-nin şəxsi heyəti ilə görüşüb- FOTO

Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub.

Nazirlikdən verilən xəbərə görə, müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub.

Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb.

General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı Azərbaycan Ordusunun bölmələri, o cümlədən xüsusi təyinatlıları tərəfindən görülən cavab tədbirlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. O, xüsusilə vurğulayıb ki, dövlət başçısının etimadını bundan sonra da doğrultmaq və bu baxımdan üzərimizə düşən məsuliyyəti dərindən dərk etmək hər birimizin borcudur.

Baş Qərargah rəisi xüsusi təyinatlıların taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin daha da artırılması, həmçinin əldə edilən döyüş təcrübəsinin keçiriləcək təlimlərdə geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Əvvəlki məqalə

Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq

Sonrakı məqalə

Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb