Kamala Harris avqustun 7-dək prezident postuna rəsmi namizəd ola bilər

Demokratlar Partiyasının Milli Komitəsi vitse-prezident Kamala Harrisin avqustun 7-dək (partiyanın avqustun 19-22-də Çikaqoda keçirilməsi planlaşdırılan qurultayınadək) partiyandan prezidentliyə rəsmi namizəd olmasına imkan verən reqlamentləri qəbul edib.

Komitənin təsdiq etdiyi əsasnaməyə görə, prezidentliyə namizədliyini irəli sürmək istəyən amerikalılar iyulun 28-i axşamadək bu barədə qərarlarını rəsmən bəyan etməli, iyulun 30-dək isə azı 300 qurultay nümayəndəsinin imzasını toplamalıdır. Səsvermə avqustun 1-dən avqustun 7-dək elektron bülletenlərdən istifadə edilməklə aparılacaq.

Kamala Harris hələlik demokratlarin düşərgəsindən prezidentliyə namizədliyini irəli sürmək istəyən yeganə siyasətçidir.

Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.