Kartlardan pul silinməsi ilə bağlı ekspertdən açıqlama –Günahkar kimdir?

“Bu gün ölkənin bank sektorunda kütləvi texniki nasazlıq yaşandı. Bu rəqəmsal məsuliyyətsizliyin real müəllifinin kim olduğu sualı açıq qalır”.
Azpost.info bildirir ki, bu barədə İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankı (ABB), “ExpressBank” və “AccessBank”ın kart əməliyyatlarında, eləcə də “Yelo Bank”ın mobil tətbiqində ciddi çətinliklər qeydə alınıb. Nasazlıq nəticəsində vətəndaşların kart balanslarından əlavə və ya təkrarlanan vəsaitlər silinib.
Banklar dərhal mobil tətbiqlər vasitəsilə bildiriş göndərərək məsələnin “üçüncü tərəfdən” qaynaqlandığını bəyan etdilər.
Prosessinq mərkəzi olan “Azəricard” MMC rəsmi açıqlama yayaraq problemin birbaşa onlardan qaynaqlanmadığını bildirib. Xətanın banklararası hesablaşma fayllarının emalı (klirinq prosesi) zamanı ortaya çıxan dublikat əməliyyatlarla bağlı olduğunu qeyd etdilər.
Ekspert  baş verən prosesi “paradoksal” adlandırıb: “Azəricard”ın yaydığı məlumata əsaslansaq, problem banklardadır. ABB-nin yaydığı məlumata əsaslansaq isə problem sirli “üçüncü tərəfdədir”. Əgər “Azəricard”da problem yoxdursa, deməli, eyni prosessinq mərkəzindən istifadə edən fərqli banklar eyni gündə, eyni anda və eyni saniyədə möcüzəvi şəkildə tamamilə eyni xətanı törədiblər.
Bankların günahlandırdığı o “üçüncü tərəf” isə mənə sirr olaraq qalır. Bu naməlum tərəf ya qlobal ödəniş sistemləridir (yəni Visa və ya MasterCard), ya da ki… yəqin yenə günahkar bankın öz müştərisidir! Çünki görünən odur ki, ortada başqa bir “tərəf” tapmaq mümkün deyil”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.