Kapital Bankın xidmətləri ilə bağlı daha bir müştəri şikayəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. AzPost xəbər verir ki, vətəndaş İlqar Mehtizadə paylaşımında bankın cashback kartının əsassız şəkildə bloklandığını iddia edib. Onun sözlərinə görə, digər bank kartından Kapital Bank kartına pul köçürülməsindən dərhal sonra kart bloklanıb və bu vəziyyət ödəniş zamanı marketdə məlum olub.
Şikayətçi bildirir ki, kartın bloklanması ilə bağlı əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib və bu hal onu ictimai yerdə çətin vəziyyətdə qoyub. O, bloklamanın səbəbləri ilə bağlı bankın çağrı mərkəzinə müraciət etdiyini, lakin əməkdaşların suallara dolğun cavab verə bilmədiyini qeyd edib.
İlqar Mehtizadə əlavə edib ki, məsələ ilə bağlı Mərkəzi Banka rəsmi şikayət ünvanlayıb və bankların müştərilərin vaxtına və əsəblərinə məsuliyyətli yanaşmalı olduğunu vurğulayıb.
Məsələyə münasibət bildirən Kapital Bank isə açıqlamasında qeyd edib ki, kart üzrə həyata keçirilən mədaxil və məxaric əməliyyatlarında şübhəli hallar aşkar olunduqda təhlükəsizlik məqsədilə kart müvəqqəti olaraq bağlana bilər.