Ölkədə bank kartlarından oğurluq edən kiber dələduzların fəallığı artıb.
Azpost.info bildirir ki, DİN artıq gündəlik olaraq bununla bağlı hadisələrin açıqlamağa başlayıb.
Məsələn, dünən də ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub. Məbləğlər – 11000, 230, 1300, 500, 300, 23, 480, 385, 1050, 907, 917, 5400, 50, 310, 42, 17, 280, 1042, 364, 1050, 2500, 544, 367 manat olub.
Bəs vətəndaşlar bu dələduzların toruna necə düşür?
Belə zərərçəkənlərdən biri olan İlham Yusifzadə bununla bağlı DİN-ə müraciət edib. Kiber dələduzlar onun kartından 5600 manat oğurlaya biliblər. İ.Yusifzadə bildirib ki, bu məsələdə özünü günahkar bilir və dələduzların toruna düşüb.
Bu dələduzlar İ.Yuzifzadəni necə tora salıblar?
İlk olaraq Facebook-da onun qarşısına Kapital Bank loqosu olan səhifə çıxıb. Bu saxta səhifədə Bankın hansısa “möhtəşəm keşbek kompaniyası” keçirdiyi elan olunur.
Daha sonra ondan bu məlumat xanalarını doldurmaq xahiş edilib.
Bu elanın mötəbərliyinə inanan İ.Yusifzadə tələb olunan bütün məlumatları verib.
Bundan sonra bank kartından pulların çıxarılaraq digər karta köçürülməsi barədə elektron qəbz alıb.
İlham Yusifzadə bildirib ki, onun Kapital Banka sualı yaranıb. “Maraqlı olan budur ki, pulun 50 faizdən artığını nağdlaşdırmağa icazə verməyən Kapital Bank 100% nağlaşdırmaya necə icazə verdi? Pulun köçürüldüyü kart Kapital bank kartıdır”.
DİN-dən İ.Yusifzadəyə bildirilib ki, onun verdiyi bütün məlumatlar yoxlanılır.