Kipr və Malta 45 rusiyalının “qızıl pasportlarını” ləğv edib- "Spiegel"

Malta və Kipr hakimiyyəti Avropa İttifaqının sanksiyaları ilə əlaqədar onlarla rusiyalının “qızıl pasportlarını” ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə “Spiegel” Avropa Komissiyasının məlumatlarına istinadən yazıb.

Kipr 9 rusiyalı investorun və onların 34 ailə üzvünün vətəndaşlığını da ləğv edib. Malta iki nəfərə qarşı oxşar tədbirlər tətbiq edib.

“Qızıl pasport” proqramı sərmayə müqabilində vətəndaşlıq əldə etməyə imkan verir. Məsələn, Kiprdə bunun üçün iqtisadiyyata 2,5 milyon avro sərmayə qoyulması tələb olunurdu. Ada rəsmilərinin dediyinə görə, proqram sayəsində 2007-2020-ci illərdə ölkə 9,7 milyard avro cəlb edə bilib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı üzv ölkələrdən və ya bu statusa iddialı olan bütün dövlətlərdən investisiya üçün pasport və ya yaşayış icazəsi verməyi dayandırmağı, Kremllə əlaqəsi olan sanksiyaya məruz qalan şəxsləri vətəndaşlıqdan məhrum etməyi tələb edib.

Aprel ayında Kipr rus oliqarxlarından 21 “qızıl pasportu” geri götürüb. Onların arasında milyarderlər Aleksandr Ponomarenko, Vadim Moşkoviç, Mixail Qutseriyev və Aleksey Kuzmiçev ikinci vətəndaşlıqdan məhrum ediliblər.

Malta mart ayında Rusiya və Belarus sakinləri üçün “qızıl pasport” proqramını dayandırıb.

Eyni zamanda, Malta hələ də investisiya müqabilində vətəndaşlıq verən yeganə Aİ ölkəsi olaraq qalır. Bununla bağlı sentyabrın sonunda Avropa İttifaqı Maltaya qarşı iddia qaldıraraq bəyan edib ki, sərmayə müqabilində Aİ vətəndaşlığının verilməsi ittifaq prinsipləri ilə bir araya sığmır.

Azpost.info

Əvvəlki məqalə

Ukraynada döyüşlərdə 26 azərbaycanlı həlak olub

Sonrakı məqalə

G7 ölkələri Çinə qarşı mübarizə tədbirlərini elan edəcək