Koronavirus neftin qiymətinə “donuz qripi”ndən daha çox təsir edib

11 Fevral 2020 - 15:56

Koronavirus 2003-cü ildən etibarən epidemioloji vəziyyətə görə neftin ən çox ucuzlaşmasına səbəb olan xəstəlik kimi qeydə alınıb. Bu göstərici üzrə koronavirus 2009-cu ildəki “donuz qripi”ni geridə qoyub.

APA-Economics”in Rusiya Mərkəzi Bankının aylıq hesabatına istinadən verdiyi məlumata görə, koronavirusla bağlı vəziyyətin ən kəskin inkişafı dövründə neftin qiyməti 17% azalıb. Bu, 2009-cu ilin iyun ayında “donuz qripi” səbəbindən neftin qiymətlərinin azalmasından 2 faiz bəndi çoxdur. Fevral ayının əvvəlində Çində sürətlə yayılan koronavirusa görə bu ölkədə neftə tələbat 20% azalıb, bu isə “Brent” markalı neftin qiymətini son bir ilin minimumuna endirdi.

Xəstəliyin tüğyan etməsi səbəbindən neftin bundan daha çox ucuzlaşması 2003-cü ilin fevral-mart aylarında müşahidə olunan kəskin tənəffüs yollarının ağır kəskin sindromunun (SARS – “bənövşəyi ölüm”, atipik pnevmoniya) yayılması zamanı qeydə alınmışdır. Həmin dövrdə neft 31% ucuzlaşmışdı.