“Koronavirus pandemiyasının sonu yaxında deyil” –Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri

“Koronavirus pandemiyasının sonu yaxında deyil. Hələ də normal səhiyyə xidmətlərinə, xüsusən də yoxsul ölkələrdəki uşaqlar üçün həyat əhəmiyyətli immunizasiya prosesinə mane olur”.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu barədə bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri açıqlama verib.

BMT agentliyi bəzi daha zəngin ölkələrdə yoluxma və ölüm saylarının azalmasına baxmayaraq, Afrika, Şərqi Avropa, Latın Amerikası və bəzi Asiya ölkələrində yoluxmaların artmasından narahatdır. “Qarşımızda uzun bir yol və görüləsi çox iş var” -deyə, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki virtual mətbuat konfransında bildirib və doğru yanaşma ilə ikinci infeksiya dalğasının qarşısını alına biləcəyini qeyd edib.

Keçən ilin sonlarında Çinin mərkəzindəki Uhan şəhərində ortaya çıxan yeni koronavirusa dünya üzrə 3 milyondan çox insan yoluxub və 206 000-dən çox insan xəstəlik nəticəsində həyatını itirib.

Tedros koronavirusla bağlı yaranan fövqəladə vəziyyətin digər xəstəliklər üçün istifadə olunan peyvənd proqramlarına təsirinə görə uşaqların sağlamlığına yaratdığı təhlükə ilə əlaqədar narahatlığını dilə gətirib: “Uşaqlar COVID-19 zamanı ağır vəziyyətə düşməyə bilər və ölüm riski xeyli aşağıdır – lakin peyvəndlərlə qarşısı alınan digər xəstəliklərə görə yüksək riskə məruz qala bilər” – deyə, Tedros bildirib.

Onun sözlərinə görə, dünyada 13 milyon insan poliomielit, qızılca, vəba, sarılıq və sətəlcəm də daxil olmaqla, bu kimi xəstəliklərə qarşı müntəzəm peyvəndlərin gecikməsindən əziyyət çəkir. Tedros GAVI qlobal peyvənd alyansına istinadən bildirir ki, 21 ölkədə digər xəstəliklərə qarşı peyvəndlərin çatışmazlığı var. Buna səbəb isə koronavirus pandemiyasının səbəb olduğu sərhəd məhdudiyyətlərinin tətbiqidir.

“Böyük Səhraaltı Afrikada ölkələrində malyariya hallarının sayı iki dəfə arta bilər. Bu baş verməli deyil, biz onları dəstəkləmək üçün bir çox ölkələrlə işləyirik” – deyə, COVID-19-un müntəzəm malyariya xidmətlərinə təsirinə toxunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkənin dağlıq ərazilərinə qar yağıb –

Sonrakı məqalə

Suriyada terror aktı –