Koronavirus qlobal və regional siyasi müstəvidə nələri dəyişəcək? –

TƏHLİL
31 Mart 2020 - 19:55
Europe Flag Blue Europe Eu Flag Breaking Point

“COVİD-19 pandemiyasından sonra qlobal miqyasda əhəmiyyətli dəyişikliklərin baş verəcəyi artıq yəqinləşib. Bu dəyişikliklər daha çox qloballaşma, dövlətlərin suverenliyi, dövlətlərin qlobal öhdəlikləri, iqtisadiyyatın tənzimlənməsində, xüsusən sosial məsələlərdə dövlətin rolu ilə bağlı məsələləri əhatə edəcək”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Zaur İbrahimli bildirib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyasının baş verməsində Çinin məsuliyyəti, yaxud İtaliya və İspaniya hökumətlərinin pandemiya təhlükəsinə ilk vaxtlar laqeyd yanaşması, İranın COVİD-19un yayılmasının gizlətməsi kimi məsələlər zaman keçdikcə aktullaşacaq: “COVİD-19 pandemiyası göstərdi ki, qlobal təhdid potensialı olan məsələlərdə bir dövlətin məsuliyyətsiz davranışı qlobal təhlükəyə, yaxud regional təhlükəyə çevrilə, bütün dünya üçün risk amili yarada bilər. İkinci Dünya Müharibəsindən sonra insan hüquqlarının hər hansı ölkənin daxili işi olmadığı prinsipi qəbul olundu. Görünən budur ki, qlobal təhlükəyə, yaxud regional təhlükəyə çevrilə, bütün dünya üçün risk amili yarada biləcək digər məsələlərlə bağlı da bu cür prinsip qəbul edilə bilər.

Həmçinin kollektiv nəzarət, monitorinq mexanizmləri tətbiq oluna bilər. Eyni zamanda bu cür təhlükələr zamanı yardım mexanizmlərinə malik ehtiyat fondu yaradıla bilər.
İkinci vacib məsələ dövlətlərin suverenliyi, millətçiliyin artmasıdır”.

Z.İbrahimlinin sözlərinə görə, koronovirus pandemiyası sübut etdi ki, son nəticədə insanlar üçün etibarlı dayaq nöqtəsi, müdafiə məkanı milli sərhədlərdir, dövlətin ehtiyatlarıdır: “İtaliya, İspaniya təcrübəsi nümayiş etdirdi ki, COVİD-19 pandemiyası, yaxud buna bənzər hadisələr zamanı sərhədlər istehkama, yaxud qoruyucu səddə çevrilir. Bu baxımdan dövlətlərin suverenliyi məsələləri yenidən sərf-nəzər ediləcək və inteqrasiya proyektləri ilə bağlı ambisiylara ciddi korrektələr ediləcək”.

Politoloqun fikrincə, COVİD-19 pandemiyası insanların sağlamlığı və təhlükəsizliyi üçün zəruri olan avadanlıq və tibbi və digər vasitələrin hazırlanması, istehsalı ilə bağlı yeni yanaşmanı ortaya qoydu. Məlum oldu ki, bu sahədə başqa ölkələrdən, xüsusən Çindən asılılıq zəif bənddir. Həmçinin səhiyyə insanların, təbiətin, ətraf mühitin mühafizəsi məsələlərində kommersiya maraqlarının önə çəkilməsi, libertarian yanaşma özünü doğrultmur. Bu məsələlərdə özəl sektor-dövlət tərəfdaşlığı zəruridir və bunu həm kommersiya, həm də ictimai maraqları nəzərə alacaq modelinin qurulması ən düzgün yoldur.

Çinin dünyanın əsas tədarükçüsü rolu yenidən nəzərdən keçiriləcək. Bu proses tədricən baş verəcək və Pekin daha çox daxili bazara istiqamətlənməli olacaq.

“Dünayadakı qeyri-bərbərlik, qlobal inkişafın tənzimlənməsi məsələlərinə də yeni baxış ortaya qoymaq lazım gələcək. Hazırda Almaniya təcrübəsi göstrərir ki, dünyada alıcılıq qabiliyyəti aşağı düşdükcə, ixrac imkanlı zəifləyir və qlobal pay bölügüsü elə şəkildə tənzimlənməlidir ki, inkişaf etmiş ölkələrin də mallarını sata biləcəkləri bazarlar olsun”.

Politoloq qeyd edib ki, rəqəmsal inkişaf yeni impuls qazanacaq. Pandemiya təcrübəsi göstərdi ki, rəqəmsallaşma, süni intellekt texnologiyaları qlobal təhlükələr dövründə idarəetmə və xidmətlərin göstərilməsini optimal şəkildə həyata keçirməyə imkan verir. Xüsusən idarəetmədə distant alətlərin rolu daha da artacaq.

“Hökumətlərin vətəndaşlar üzərində nəzarət imkanları daha da təkmilləşəcək. Pandemiya dövründə bu sahədə yeni təcrübələr tətbiq edilir və təbii ki, gələcəkdə də bu praktikadan yararlanacaqlar. Vətəndaşlar isə bir daha seçim qarşısında qalacaqlar: təhlükəsizlik və azadlığın hüdudları”.

Z.İbrahimlinin sözlərinə görə, regional müstəvidə Cənub Qafqaz regionu yeni çağırışlarla üz-üzə qalacaq: “Gürcüstan son illər iqtisadi inkşafın əsas drayverinə çevrilən turizmin bərpasını çox gözləməli olacaq. Ölkənin digər resursları iqtisadi artımı təmin etməyə yetərli deyil. Ermənistana Rusiyadan və dünyadan transferlər kritik şəkildə azalacaq. Rusiya və İran isə əvvəlki kimi dəstək verə bilməyəcək. İxrac imkanları məhdudlaşacaq.
Azərbaycan üçün əsas çağırış neftin kritik həddə ucuzlaşması şəraitində iqtisadi inkişafı təmin etmək olacaq. İqtisadiyyatda şaxələndirmə, dövlətin iştirakının azalması, liberallaşma ilə bağlı müşahidə olunan çətinliklər qabarıq özünü biruzə verəcək.
Təhlillər və keçmiş böhranların təcrübəsi göstərir ki, yeni dövrün tələblərinə uyğun iqtisadi inkişaf modelləri qurmağı bacaran və çevik hərəkət edən, daha tez keyfiyyətli islahatlar həyata keçirən ölkələr yeni imkanlar əldə edəcəklər”.