Kreditlə toy edən, telefon, tozsoran alanlar:Banklar vətəndaşı necə borc içində saxlayır?

Kredit
Kredit

Azərbaycanda bankların kredit portfeli sürətlə genişlənir, lakin bu artım əhalinin rifahına yox, borc yükünə çevrilir. AzPost bildirir ki, Mərkəzi Bankın 2023-cü ilin sonuna təqdim etdiyi statistikaya əsasən, ölkədə istehlak kreditlərinin həcmi 11 milyard manatı keçib. Bu, əvvəlki ilə nisbətdə təxminən iki dəfəyə yaxın artım – 120 faiz deməkdir. Görünən odur ki, banklar daha çox kredit verir, amma bu vətəndaşların rahatlığına deyil, narahatlığına xidmət edir.

İstehlak kreditlərinin illik faiz dərəcəsi adətən 15–22 faiz arasında dəyişir. Bu isə vətəndaşın borcunun üzərinə ən azı 30–50 faiz əlavə yük qoyur. Məsələn, 10 min manat kredit götürən şəxs onu qaytarana qədər 14-15 min manat ödəyir. Üstəlik, bu prosesə məcburi sığorta, xidmət haqqı və cərimə mexanizmləri də əlavə olunur. Bankların tətbiq etdiyi bu “gizli xərclər” çox vaxt müqavilədə şərti şəkildə göstərilsə də, vətəndaş tərəfindən tam anlaşılmır.

Ən ciddi problem kreditlərin böyük hissəsinin istehlak yönümlü olmasıdır. İnsanlar kreditlə telefon, məişət texnikası, toy xərci, bəzən isə gündəlik ehtiyaclarını qarşılayır. Yəni borc gəlir gətirmir, əksinə, gələcəyin maddi imkanlarını da indidən əldən alır. Bu da kredit alanı maliyyə psixoloji asılılığa salır – gəlir hələ formalaşmamış, artıq xərclənmiş olur.

Eyni zamanda banklar kreditləri əsasən stabil maaşı olan şəxslərə verir. Qeyri-rəsmi işləyənlər, kənd sakinləri və ya gənclər bu sistemdən kənarda qalır. Bu isə sosial bərabərsizliyi daha da dərinləşdirir.

İqtisadçılar hesab edir ki, bu vəziyyətin aradan qaldırılması üçün ilk növbədə faiz dərəcələrinin tənzimlənməsi, gəlirlə uyğun ödəmə modellərinin qurulmasımaliyyə savadlılığının artırılması zəruridir. Hazırkı şəraitdə isə banklar kredit verir, vətəndaş isə kreditlə yaşamağa məhkum olur.

Süleyman İbrahimli

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.