“Kristal Abşeron” Qarabağ veteranının evini söküb – ŞİKAYƏT

“Kristal Abşeron” şirkəti Novruz bayramı günü Birinci Qarabağ müharibəsi veteranı Etibar Məlikovun yaşadığı evi söküb.

Bu barədə Azpost.info-ya Qarabağ qazisinin özü bildirib. Onun sözlərinə görə, yaşadığı ev Yasamal rayonu Qanlıgöl adlanan ərazidə yerləşir: “1990-cı ildən Qanlıgöl massivi 2A ünvanda 4 sota yaxın torpağı, 21.8 kvadrat metr sahəyə malik otaq və sanitar qovşağı olan mənzil mənim istifadəmdədir. Həyətyanı sahədə 20-dən artıq gilənar, tut və digər meyvə ağacı əkərək onlara qulluq etmşəm. Hazırda daxili işlər orqanlarının veteranı kimi Hüseyn Cavid prospektində yerləşən yataqxanada18 kvadratmetrlik darısqal otaqda yaşayıram. Dövlət tərəfindən heç vaxt mənzil, maşın, sosial müavinət almamışam.

Yasamal rayonu Qanlıgöl deyilən ərazidə götürdüyüm torpaq son ümüd yerim idi. Uzun müddət xəstəliyim, ailəmdəki problemlərlə bağlı torpaq sahəsində tikinti apara bilməmişəm. Lakin həyətyanı sahəmdə müxtəlif meyvə ağacları əkərək onlara qulluq etmişəm, əvvəllər qonşunun həyətindən gətirdiyim su ilə onları böyütmüşəm, sonralar isə Su idarəsinə müraciət edib öz evimə sayğac qoydurdum.

Artıq uşaqlarım böyüyüb. İmkansızlıq üzündən qohum evində yaşayırlar. İndi özümə şərait qurmaq istəyirdim ki,  “Kristal Abşeron” şirkəti Qanlıgöl ərazisində yaşayan sakinlərlə görüşüb ərazinin onlara verildiyini bildirdi. Şirkət sakinlərlə ayrı-ayrılıqda danışıb onların çoxunu razı salaraq mənzillərindən köçürməyə başlayıb. Mənim mənzilimi axıra saxladılar”.

Şikayətçi bildirir ki, şirkət təkfil etdiyi kompensasiya onu qane etmədiyi üçün evinin sökülməsinə razılaşmayıb. Lakin buna baxmayaraq martıq 21-də “Kristal Abşeron”un rəhbərliyinin göstərişi ilə evi söküblər:

“Fevralın 22-də mənim razılığım olmadan əkdiyim, çətinliklə böyütdüyüm ağacları ekskovatorla çıxarıb məhv etdilər. Yalnız evim və yanında 4-5 ağacım qalmışdı. Bundan sonra yenə məni şirkətə dəvət etdilər. Şahvələd müəllim müharibə veteranı vəsiqəmi, şəxsiyyət vəsiqəmin surətini alıb mənə 15 kvadrat metr mənzilin qarşılığında bir otaqlı evin 36 min manatının şirkət tərəfindən ödənəcəyini, qalan hissəsini isə kredit şəklində mənim ödəməyimi təklif etdi. Yenə mənim evimin, ağaclarımın və 4 sot torpaq sahəmin qarşılığında daha geniş mənzil istədiyimi bildirdim.

Bir neçə gündən sonra məni şirkətin rəhbəri Fikrət müəllim dəvət etdi. O da mənim evimin qarşılığında müharibə veteranı olduğumu nəzərə alıb yalnız 1 otaqlı mənzil verə biləcəyini söylədi. Mənim ailəmin qohum evində, özümün yataqxanada yaşadığımı bir daha diqqətə çatdırdım. Onların təklifi ilə razı olmadığımı, yalnız daha geniş mənzil qarşılığında şirkətlə razılaşacağımı söylədim. Əks halda evimə əl vurmamalarını xahiş etdim. Fikrət müəllim sənədlərimi alıb evimi sökməyəcəklərini, Yasamal Rayon İcra Hakimiyyətində məsləhətləşdikdən sonra mənə cavab veriləcəyini dedi.

Mən cavab gözlədiyim müddətdə 2022-ci ilin Novruz Bayramı günü-martın 21-də şirkətin işçiləri evimi söküb içindəki əşyalarımı yarasız hala saldılar”.

Etibar Məlikov üzləşdiyi haqsızlıqla bağlı müxtəlif qurumlara və səlaihiyyətli şəxslərə müraciət edib. Qarabağ qazisi ümid edir ki, onun müraciətlərinin müsbət nəticəsi ola bilər.

Etibar Məlikovun “Kristal Abşeron” barədə ittihamlarına şirkətdən mövqe almaq mümkün olmayıb.

Azpost.info

Əvvəlki məqalə

Netflix Rusiya istifadəçiləri üçün yayımı bağlayıb

Sonrakı məqalə

Zelenski Avropanın ən nüfüzlu şəxsi seçilib –