Kriştiano Ronaldo Bakıda tarixə düşə bilər

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıdakı oyunu Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün tarixi əhəmiyyət kəsb edə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun milli komandada ən çox qol vuran oyunçu adını məhz yığmamızla görüşdə ələ keçirməsi mümkündür.

Məsələ ondadır ki, Ronaldonu dünya rekordundan cəmi 7 top ayırır. 1996-2006-cı illərdə İran millisində oynamış Əli Daei 149 matçda 109 qol vurmaqla tarixi nailiyyətin müəllifidir.

Portuqaliya yığmasındakı 170 qarşılaşmada 102 dəfə fərqlənən Kriştianonun artıq 2021-ci ildə tarix yazacağı demək olar heç kimdə şübhə doğurmur. Daeiyə çatmağa 7, keçməyə 8 qolu vurması lazım gələn hücumçu yığma səviyyəli matçlarla zəngin ildə bunun öhdəsindən gəlməlidir.

Millidəki orta məhsuldarlığı 0,6-ya bərabər olan Ronaldoya bu göstəricini qorusa, rekord üçün təxminən 11-12 oyun kifayətdir. Təbii ki, het-triklər, pokerlər etməsi adi hala çevrilən ulduz buna daha tez də nail ola bilər.

Portuqaliya yığması martda DÇ-2022-nin seçmə mərhələsinin üç qarşılaşmasına çıxacaq. Azərbaycanla evdə, Serbiya və Lüksemburqla səfər matçlarında Kriştiano iranlı rekordçuya daha da yaxınlaşacaq.

Yayda baş tutacaq AVRO-2020-nin F qrupunda Macarıstan, Fransa və Almaniya ilə üz-üzə gələcək portuqaliyalıların kapitanı ən azı 3 dəfə də meydana çıxacaq. O, finala qədər maksimum daha 4 matçda şans qazana bilər.

Sentyabrda DÇ-2022-nin İrlandiya ilə seçmə, Qətərlə isə yoldaşlıq oyunlarından sonra Portuqaliyanı Bakı səfəri gözləyir. Ronaldo AVRO-2020-dəki oyun sayından asılı olaraq, yığmamızla səfər görüşünədək 8-12 matç keçirmiş olacaq.

Bu isə ona sentyabrın 7-dəki görüşdə Bakıya artıq yeni rekordçu kimi də gəlmək imkanı verir. Kriştianonun yığmamız önünə rekordçu, rekorda şərik, yoxsa Daeinin yaxın təqibçisi kimi çıxması onun göstərəcəyi məhsuldarlıqdan asılı olacaq. Amma hər üç halda portuqaliyalı Bakıda önəmli qol vurmağa çalışacaq. Çünki o, rekordçu olsa üstünlüyünü artırmağa, şərik olsa önə keçməyə, təqibçi olsa şərik çıxmağa can atacaq.

Qeyd edək ki, bu, Ronaldonun 2021-ci ildə Bakıya 2-ci səfəri də ola bilər. Onun AVRO-2020-də də ölkəmizə gəlməsi mümkündür. Bunun üçün Portuqaliya 1/8 finala 3-cü yerin sahibi kimi yüksəlib turu adlamalıdır. Belə olan halda ulduz hücumçu paytaxtımızdakı 1/4 finalın iştirakçısı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Noyabrda nostrifikasiya üzrə 322 nəfər müraciət edib –

Sonrakı məqalə

Bakı üzrə koronavirusa yoluxma göstəriciləri açıqlandı –