“Kür çayı quruyur, suvarma sistemlərinə diqqət edilməlidir”- Ekspert

Çaylar yağıntıdan və yeraltı sulardan qidalanır. Çoxillik iqlim göstəricilərinə əsasən qış ayları yağıntıların az olduğu dövrdür. Yağıntıların böyük qismi yazın sonu, yayın əvvəlində olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Ənvər Əliyev deyib. Kür çayının qurumasından danışan mütəxəssis buna əsas səbəblərdən biri kimi su anbarlarını göstərib: “Ölkəmizdəki çayların böyük əksəriyyəti tranzit çaylardır. Kür çayı bizim əsas su mənbəyimizdir. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır. Bu qidalanmada da bəzi hissələrdə su anbarları var. Bu çay ümumillikdə respublikamız daxil olmaqla 1515 kilometr ərazini keçir. Həmin ərazilər də maksimum dərəcədə gələcək üçün bu çaydan istifadə etməyə çalışır. Bu problem ucbatından da Kür çayı Azərbaycan ərazisinə çatanadək suyu azalır. Ölkəmizdə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır. Bu anbarlar suyu gələcəkdə daha “səmərəli” istifadə üçün yığmağa çalışır. Nəticədə çaya bir hücum başlayır”.

Ənvər Əliyev bildirib ki, Kürün quruması təhlükəsi həm də Araza aiddir. Mütəxəssisin fikrincə, çayın qurumasının qarşısının alınması üçün başlıca olaraq suvarma sisteminə diqqət edilməlidir: “Ən çox suvarılan ərazi taxıl sahələridir. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Kürün şəklinə baxanda utanırıq. Bu çay Zaqafqaziyanın ən böyük çaylarından biridir. Kür daima bizi daşqınları ilə qorxudub. Amma indi Kür-Araz ovalığını çöküntülərlə təmin edən çay qurumaqdadır.

Suvarma sistemlərinin artırılması vacibdir. Suyun hər qramını diqqətlə istifadə etməliyik. Günəş parıltısının illik miqdarı 2500-2800 saatdır. Hər kvadratsantimetrə düşən günəş radiasiyasının illik miqdarı 130-145 kkal/sm2 arasında dəyişir. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir. Təklif edirəm ki, həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilsin. Bu enerjidən məişətdə, ictimai yerlərdə istifadə edə bilərik. O ərazilərdə əhalinin 25-30 faizi yaşayır. Həmin əhaliyə həm istilik enerjisi verilsin, həm də anbarlara toplanan suyun bir qismi paylanılsın. Bəlkə, bu qaydada Kürün qurumasının qarşısı alınar”.

Ekspert Kür çayının qurumasının su qıtlığı yaratmaqla yanaşı, həm də torpaqları şoranlaşdırdığını qeyd edib: “Təəssüf ki, həmin ərazilərdə nəhəng şoranlıq yaranıb. Kürün qurumasının səbəbləri ciddi araşdırılmalıdır. Kompleks iş ortaya qoyulduqdan sonra həll tapmaq olar. Ermənistan Gürcüstandan fərqli olaraq ölkələrarası su müqavilələrini imzalamır, bu da problem yaradır. Ermənistan çayı çirkləndirir, su israfına yol verir. Azərbaycana 8 hava kütləsi daxil olur, onlar bir-birindən olduqca fərqlidir. Suyun azalmasında insan faktoru əsas rol oynayır. Müəyyən dövr quraqlıq keçəcək. 2050-ci ildən başlayaraq planetdə ənənəvi soyuqlaşma başlayacaq. Buzlaşma dövründən yarımbuzlaşma dövrünə keçid olacaq. Bəlkə də, bu hazırlıq ona gedir. Adətən quraqlıq gəlir, ardınca da qəfil soyuq olur”.

Əvvəlki məqalə

“Qarşımızda çox vacib məsələ var”

Sonrakı məqalə

Ceyhun Bayramov Belarus Baş nazirinin müavini ilə görüşüb