Lənkəranda içində ilan gəzən, uçuq-sökük məktəb niyə təmir olunmur? –FOTOLAR

Yararsız sinif otaqları, çürüyən taxta döşəmələr, sınıq qapılar hər gün məktəb şagirdlərinin gördüyü mənzərədir… Söhbət Lənkəran rayon Boladi kənd 2 nömrəli tam orta məktəbindən gedir.

Şəraitsiz vəziyyətdə olan bina 1964-cü ildə tikilib. 1968-ci ildən isə 8 illik məktəb kimi fəaliyyətə başlayıb. Sonradan təhsil ocağına tam orta məktəb statusu verilib.

Məktəb binası 2 korpusdan və 21 otaqdan ibarətdir. Ancaq problem ondadır ki, hazırda 220 şagird təhlükəli şəraitdə təhsil almaq məcburiyyətindədir. Çünki məktəb qəzalı vəziyyətdədir. Yağış yağanda sinif otaqlarına su damır. Məktəb binasının hər an uçmaq təhlükəsi var.

Məktəb yer üstündə tikildiyi üçün istilər düşdükcə sinif otaqlarında ilanlar peyda olmağa başlayır. Elə buna görə də valideynlər narahatdırlar ki, qarşıdan yay ayları gəlir, ilanlar daha çox aktivləşir.

“Bu məktəbdə iki uşağım oxuyur. Övladlarıma görə çox narahatam, çünki sinif otaqları bərbad haldadır. Uşaqlarımız çox əziyyət çəkir. Məktəb yer üstündə tikildiyindən sinif otaqları birbaşa həyətə açılır. Buna görə də ilanlar və digər həşəratlar sinif otaqlarına daxil olur. Bu da uşaqların dərs keçməsinə maneə yaradır. Qışda dərdimiz isə bir başqa olur, çünki tavan hər an uşaqların başına uça bilər. İdman zalı və kitabxana yox dərəcəsindədir. Bu da uşaqların təhsildən geri qalmasına səbəb olur. Bir valideyn kimi istərdim ki, övladlarım müasir standartlara cavab verən məktəbdə oxusun”, – deyə Lalə Cabbarova bildirir.

Valideynlərin sözlərinə görə, məktəb heç vaxt əsaslı təmir edilməyib. Ona görə də bina qəzalı vəziyyətə düşüb.

Valideyn Fidan Heydərova: “Məktəbin binası bərbad vəziyyətdədir. Buna görə də bütün valideynlər kimi, mən də çox narahatam. Sinif otaqları qaranlıq olur, bu da şagirdlərin oxuyub yazmasında çətinlik yaradır. Bir valideyn kimi aidiyyəti orqanlardan xahiş edirəm ki, məktəb binası ilə bağlı tədbir görülsün”.

Məsələ ilə bağlı Azərtac Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayevlə əlaqə saxlayıb. Boladi kənd 2 nömrəli tam orta məktəbin 1964-cü ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərdiyini və qəzalı vəziyyətdə olduğunu bildirdi. Təhsil sektorunun müdirinin sözlərinə görə, yaxın zamanlarda Lənkəran rayon Boladi kənd 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikilməsi nəzərdə tutulur.

Əvvəlki məqalə

Son iki ay ərzində Suraxanıda narkotik satan 60 nəfər saxlanılıb

Sonrakı məqalə

Xarici banklar Rusiya şirkətlərinə xidmət göstərməkdən imtina edirlər