Məhkəmə AXCP fəallarının apellyasiya şikayətini təmin etməyib

22 Aprel 2020 - 11:14

Aprelin 21-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Faiq Əmirov (AXCP sədri Əli Kərimlinin köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru) və Ruslan Əmirovun (AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi) inzibati həbslərindən verilən şikayətləri təmin etməyib.

AXCP-nin məlumatına görə, inzibati həbs olunanlar məhkəmə iclasına gətirilməyib. Şikayəti vermiş vəkillər Bəhruz Bayramov (Ruslan Əmirovun vəkili), Fəxrəddin Mehdiyev ( Faiq Əmirovun vəkili) məhkəmə iclasında iştirak edib, apellyasiya şikayətini müdafiə edib.

Faiq Əmirov aprelin 8-də yaşadığı evin həyətində saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (karantin rejimin pozulması) ilə protokol tərtib olunub. Aprelin 9-da Səbail Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı verib.

Ruslan Əmirov isə aprelin 9-da azyaşlı övladını həkimə apararkən (müfaviq kateqoriya üzrə SMS icazəsi olub) saxlanılıb və həmin gün Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

AXCP hər iki fəalın həbsini siyasi sifariş hesab edir.

Daxili İşlər Nazirliyi bildirir ki, karantin qaydalarının tətbiqi zamanı ayrıseçkiliyə yol verilmir. Qanunvericilik karantin qaydalarını pozan bütün vətəndaşlara qarşı tətbiq olunur.