“Mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu” –

Prezident sahibkarları dürüst işləməyə çağırdı
04 Fevral 2020 - 01:23

“Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, sahibkarlara çox böyük imkanlar yaradılıb: “Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu”.

Prezident vurğulayıb ki, əgər kimsə sahibkardan  əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat versin: “Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır”.