“Tanınmış fotojurnalist, “Azərbaycan” qəzetinin əməkdaşı Fərman Bağırov koronavirus bəlasından dünyasını dəyişmiş ilk Azərbaycan jurnalistidir”.
APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə. Amaşov qeyd edib ki, bu xəstəliyə yoluxan media nümayəndələrimiz var: “Sevindirici haldır ki, onların sırasında sağalanlar çoxdur. Hər bir halda onu nəzərə alaq ki, Fərman müəllimin vəfatı jurnalistlər üçün siqnal olmalıdır. Azərbaycan Mətbuat Şurası indiyədək jurnalistlərin koronavirus dövründə fəaliyyətinin müxtəlif aspektlərinə toxunan tövsiyələr hazırlayıb, çağırışlar edib”.
Mətbuat Şurasının sədri həmin tövsiyə və çağırışlarda əsasən iki məqama diqqət yetirildiyini vurğulayıb: “Birinci, jurnalistlərin təhlükəsizliklərinin qorunmasıdır. Burada redaksiya rəhbərlərinə peşə vəzifələrini həyata keçirmək üçün müxtəlif yerlərə göndərdikləri jurnalistlərin gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət həyata keçirmələri əsas götürülüb. Eyni zamanda, jurnalistlər özləri də qoyulan qaydalara əməl etməlidirlər, hər hansı laqeydlik yolverilməzdir. İkincisi, jurnalistlərin koronavirusla bağlı həssas davranmalarıdır. Biz müxtəlif vaxtlarda ayrı-ayrı sosial şəbəkə profillərində, xəbər saytlarında virusla əlaqədar sensasion xarakterli fikirlərin, dezinformasiyaların yayıldığını görürdük. Bildirirdik ki, insanları təlaş içərisində saxlamaq, ruh düşkünlüyü yaratmaq qətiyyən yolverilməzdir. Bu fikri yenə də vurğulayırıq. Ancaq son vaxtlar müşahidə edilən tendensiya ondan ibarətdir ki, bəzi sosial şəbəkə profillərində koronavirusla bağlı əsasən lağlağılar, xəstəliyin miqyasını kiçildən bilgilər paylaşılır. Bu yolla sanki ona əhəmiyyətsiz yanaşma təlqin edilir ki, belə münasibət də təhlükəlidir, qurbanların və yoluxanlarını sayını indiki həddən də yüksək edə bilər”.
Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının bir daha jurnalistlərə müraciət edərək onları koronavirus pandemiyası ilə bağlı ancaq həqiqətləri qələmə almağa, reportaj, müsahibə hazırlayarkən faktlara istinad etməyə, yoxlanılmış, cəmiyyət tərəfindən qəbul olunan ekspertlərə üz tutmağa çağırdığını nəzərə çatdırıb: “Kütləvi informasiya vasitələrinin əməkdaşları hazırkı çətin şəraitdə maarifləndirmə işinə həssas yanaşmalıdırlar. Təbii ki, virusun qarşısının alınması istiqamətindəki fəaliyyət də digər işlər kimi nöqsansız deyil. Ancaq nöqsanları diqqətə çatdırmaq istəyi vətəndaşlarda ümidsizlik, etibarsızlıq aşılamamalı, inam yaratmalıdır. Mətbuat Şurası jurnalistlərdən məhz bu cür peşəkar yanaşma gözləyir. KİV-lərimizin yaydıqları informasiyalar cəmiyyətin müxtəlif təbəqələrində məsuliyyət hissini artırmalıdır. Təkrarən bildiririk ki, mövcud istiqamətdə yol verilmiş qeyri-ciddilik, etinasızlıq ümumilikdə cəmiyyətə mənfi təsirini göstərməkdədir. Koronavirus təhlükəsinə qalib gəlməyimiz üçün isə belə mənfi təmayüllərdən qurtulmağımız mütləq şərtdir”.