Mədəniyyəti təbliğ edən turizm –Perspektivlər nə vəd edir?

Planetimizin sakinləri ən müxtəlif səbəblər üzündən səyahət edirlər. 

Beynəlxaq Turizm Təşkilatının məlumatlarına görə, XXI əsrin birinci onilliyində dünyada xarici turistlərin sayı bir milyardı ötüb. İki milyarddan çox insan isə daxili turizm xətti ilə öz ölkələri boyu səyahətə çıxır. Beləcə, demək olar ki, bəşəriyyətin yarısı bu və ya digər şəkildə turizm sferasına daxildir. 

Sosioloji sorğuların nəticələri göstərir ki, səyahət etmək insanlar arasında dözümsüzlük hallarını aradan qaldıran vacib detaldır. Hər dəfə yenilik görəndə insan dünyaya başqa cür baxmağa başlayır. Qədim binaların fasadlarına baxarkən, tarixi məkanları seyr edərkən hiss edirsən ki, biz ən müxtəlif ölkələrdə yaşasaq da, hamımız çox oxşarıq.

Azərbaycan özünün rəngarəng tarixi, dini, müalicə, gəzinti  və işgüzar mühiti ilə dünya turizm biznesinə töhfələrini verə bilər. Ölkənin malik olduğu təbii şərait və qədim tarix bu baxımdan Azərbaycanın dünya turzm sektorunda uğurunu şərtləndirən amil kimi çıxış edə bilər. Bu gün turizm sektoru ölkədə böyük perspektivlər vəd edən bir müstəviyə çevrilməkdədir. Hər il ölkəmizə gələn türistlərin sayında artım müşahidə edilir.  2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayı artaraq 3,2 milyon nəfərə çatmışdı. Pandemiya dövründə bu sahə ciddi problemlər yaşasa da artıq yeni planlar qurmaq üçün imkanlar yaranmaqdadır.

Bu baxımdan turizmin müxtəlif növlərindən istifadə olunması aktuallığını saxlayır.

Dünyada turizmin  növlərindən biri olan mədəni-tarixi turizm aparıcı mövqe tutur. Tarixi turizm dünyada qədim mədəniyyət izləri qalan bütün ölkələrdə uğurla tətbiq edilir. İtaliyada Roma imperiyasnın, Yunanıstanda Ellada və qədim yunan sivilzasiyasının, Misirdə firon epoxasının bu günə gəlib çatmış mədəni abidələri bu dövlətləri turizm üçün cəlbedici ölkəyə çevirir və milyonlarla turist hər il oralara axışır.

Qeyd edək ki, dünyada turist axınının 40 faizi mədəni motivasiya daşıyır: dünya, milli, yerli əhəmiyyətli mədəni dəyərləri, etnik xüsusiyyətləri, memarlıq nümunələrini öyrənmək, dərk etmək, toxunmaq, hiss etmək…

Böyük tarixi və mədəni irsə malik Azərbaycan da özünün  bu yöndə olan turizm potensialı üçün böyük perspektiv açır. Buna ölkənin iqtisadi vəziyyəti, Azərbaycanın dünya sistemində tutduğu yer və turizm sahəsində inkişaf tendensiyası imkan verir. 

Odur ki, dünya turizm sektorunda uğurlu və gəlirli sayılan tarixi turizmin ölkəmizdə inkişafı üçün yaxşı potensial var. Eramızın birinci yüzilliyinin ortalarında Azərbaycana gələn xristianlığın ilk ardıcılları burada böyük bir iz qoyubErkən xristian abidələri, Alban aftokefal kilsəsi, Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi, Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsi… Üstəlik peyğəmbər İsa Məsihin həvarilərindən olan müqəddəs Varfolemeyin Bakıda yaşaması və burada həlak olması barədə katolik dünyasında gəzən inam böyük xristian dünyasının üzünü Azərbaycana tutmağa vadar edə bilər.

Bütün bunların, tarixi turizmi inkişaf etdirən və  ölkəyə səyahətçilərin böyük axınını yarada biləcək əsas detal olaraq, Azərbaycanı tarixi turizm üçün cəlbedci bir vitrinə çevirmək potensialı var.  

Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada mədəni turizmin köklərinin atmasında mühüm rol oynayıb. Odur ki, turistlərə “Marko Polonun izi ilə” təqdim olunacaq turizm xəritəsi bu baxımdan böyük persektivlər vəd edən bir marşrutdur.

Bundan başqa, Xəzər sahili boyu təşkil olunmuş gəmi  kruizi Azərbaycanın tarixi məkanlarına səyahət, xalqların yaşamı, ənənələri, həyat tərzini görmək  imkanı verməklə yanaşı, turistlərdə ərazinin qədim tarixinin canlı tablosunu yaradacaq. Arxeoloji irsimizdə də turizm üçün böyük potensial var. Bu abidələrin düzgün təqdimatı kütləvi daxili və xarici turizmi stimullaşdıra bilər. 

Azərbaycan tarixi dünya tarixinin bir hissəsi olmaqla cahanda böyük iz qoymuş hadisələrin baş verdiyi məkanları da özündə saxlayır. Babəkin döyüşdüyü tarixi qalalar, Şah İsmayılın və Səfəvilərin, Nadir şahın, neçə – neçə digər tarixi şəxsiyyətlərin dünya tarixini dəyişdirmiş məşhur döyüş yerləri  bu baxımdan tarixi – mədəni turizmin əsas hədəflərindəndir. 

Belə təcrübələr dünyada az deyil.  Məsələn, Rusiyanın qoruq-muzeyi olan “Kulikovo çölü”  monqol-tatarlarla rusların tarixi döyüş məkanı kimi daim turistlərin diqqətindədir. Muzey gözəl menecerlik işini təşkil etməklə turistlərin sayını artırmağa nail olub. İldə bu muzeyə 75 min turist gəlir.

Qeyd edək ki, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun  Dünya Mədəni İrs Siyahısına daxil olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında mühüm rol oynamaqla yanaşı, bu məkanların beynəlxaq turizm müstəvisinə müncər edilməsi əsas məqsədlərdən biridir.

Azərbaycan Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad edib. Şuşada, digər məkanlarda mövcud turizm məkanları Azərbaycana gələn turistlər üçün də maraqlı olacaq. İşğaldan azad edilmiş ərazilərin turizm strategiyası və Şuşanın turizm potensialı müxtəlif marşrutlar, müxtəlif layihələrin hazırlanmasına fürsətlər yaradır.

Turizm üçün səyahət motivasiyasında dini-ziyarət institutunu təşkil edən səfərlər də  xüsusi əhəmiyyətlidir. Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Qeyd etdiyimiz kimi, Azərbaycan iudaizm, xristian və islam mədəniyyətlərinin abidələri ilə zəngindir.

Ölkəmizin ərazisində mövcud olan  islam mədəniyyəti  abidələri dini turizmlə bağlı özündə böyük perspektivlər daşıyır. Heç təsadüfi deyil ki, müsəlman sivilzasiyasında müqəddəs məkanların olduğu yerlərin siyahında Azərbaycan da var. Ölkənin hər yerində belə mədəni-dini məkanlar, ziyarətgahlar mövcuddur. Bakıda Bibiheybət ziyarətgahı, Gəncədə İmamzadə, Naxçıvanda Əshabi-Kəf komplekslərinə hər il minlərlə insan ziyarətə gəlir. İnancı insanların ziyarət turizminin təşkil edilməsi  turizm obyektlərinin ilboyu işləməsi üçün imkan yaradacaq.

Daha bir mühüm turizm resursu bayramlar, festivallar, sərgilərdir.  Belə tədbirlər hadisə turizmini inkişaf etdirərək turistlərə bütün ilboyu səyahətə gəlmək stimulu verir. Məsələn, İspaniyada qeyd olunan 200 bayram məhz turizm əhəmiyyəti daşıyır. Onlardan bəziləri bütün dünyada məşhurdur.

Zəngin və qədim Azərbaycan tarixi belə bayramların  böyük buketini özündə saxlayır. Onların sırasında ilk olaraq Novruz bayramını qeyd etmək olar. zərbaycanın qədim inanc və ənənələrinin simvolu olmuş bayramların bərpası, hazırlanması və təqdimatı tarixi turizmi inkişaf etdirməklə yanaşı mədəni irsin təbliğində böyük rol oynaya bilər.

Tarixi turizm mədəni irsin saxlanması üçün aparılan siyasətlə sıx bağlıdır. Bu sahə mühüm iqtisadi resurs olaraq yeni faktor kimi regionların inkişaf strategiyasına mühüm xidmətlərini göstərə bilər və ölkənin tarixi-mədəni zənginliynə söykənməklə regionların perspektiv sosial və iqtisadi inkişafı üçün real imkanlar yaradır. 

Odur ki, bu sahənin inkişaf etməsi üçün qədim irsin saxlanmasını təmin edən geniş normativ-hüquqi sənədlər və bu irsin qorunmasını təşkil edən uğurlu tədbirlər vacibdir. Prezident İlham Əliyevin  turizmin inkişafının prioritet elan etməsi turizm sektorunun qarşısındaçoxlu vəzifələr qoyub.  Əsas vəziflərdən biri kimi turizm ehtiyatlarının genişləndirilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması qoyulub. Bunun üçün regionlarda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsi önə çəkilib.

Tarixi-mədəni turizmi stimullaşdırmaq, turist axınına nail olmaq  üçün bu sahə üzrə menecment və peşəkar kadrlar əvəzedilməzdir. Ölkədə bununla bağlı ciddi iş aparılır. Prezidentin 2005-ci il 25 avqust tarixli fərmanı ilə  Azərbaycan Turizm İnstitutu yaradılıb. ATİ-ni indiyədək 1064 məzun bitirib. Lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çox olduğunu nəzərə alsaq, peşəkar və ciddi menecment seqmentinin yaradılmasının prioritet olduğunu görmək olur. Ən mühüm olan məsələ menecerlik strukturunun yaradılmasıdır. 

Ölkənin regionlarında qədim tarixi və dini obyektlərin təqdimatında müəyyən problemlər var. Onların reklam təqdimatı yoxdur, ya da çox səthidir. Odur ki, tarixi-mədəni turizmin inkişafı üçün lazım olan kadrların yetişdirilməsi də diqqətdən kənarda qalmamalıdır. Qeyd edək ki, mədəni irslə bağlı tarixi turizmin inkişafı üçün bu potensialın geniş tədqiqi zəruridir. Həmçinin rayonlarda turistik strukturların inkişafı üçün müvafiq proqnoz və tövsiyələrin  hazırlanması da vacibdir.

Səyahət dünyagörüşü genişləndirirmüxtəlif yerlərdə olarkən bizi bilmədiyimiz mədəniyyətə və ənənələrə kökləməklə dünya ölkələrini ayıran sərhədləri dağıdır. Anlayırıq ki, bizi birləşdirən amillər ayıranlardan daha çoxdur. Odur ki, Azərbaycan özünün qədim tarixi, tolerant mədəni mühitini dünyaya təqdim etməklə bu müxtəlifliyin cazibədar bir parçası olduğunu göstərə və ölkəmizə böyük turist marağını yönəldə bilər.

X. SƏFƏROĞLU

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

“Möhkəm dur, Ukrayna!” –

Sonrakı məqalə

1000 rubl 13,8 manata düşdü