Məhkəmə Oqtay Gülalıyevlə bağlı prokurorluğun qərarını ləğv edib

İki il yarımdır koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin bu duruma düşməsində həkim səhlənkarlığının olub-olmaması məsələsi yenidən gündəmə gəlib. Bir il öncə prokurorluq Gülalıyevi müayinə və müalicə etmiş həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək cinayət işi başlanmasının rədd olunması qərarı vermişdi.

Aprelin 14-də Nəsimi rayon Məhkəməsi isə prokurorluğun həmin qərarını ləğv edib. Bu barədə Azadlıq Radiosuna vəkil Şəhla Hümbətova məlumat verib: “Məhkəmə belə nəticəyə gəldi ki, prokurorluq yetərincə araşdırma aparmadan o qərarı qəbul edib. Ona görə də ləğv etdi. Həkim heyəti ilə bağlı əlavə araşdırma aparılması üçün məhkəmə materialları prokurorluğa göndərildi”.

Hüquq müdafiəçisinin ailə üzvləri “Baku City Hospital”ın həkim heyətindən şikayətçidir. Həyat yoldaşı Firuzə Gülalıyeva hesab edir ki, bu klinikada əməliyyat gecikdirilməsəydi, o, indiki vəziyyətdə olmayacaqdı. Onun sözlərinə görə, bu hospitaldan öncə Kliniki Tibbi Mərkəzdə olanda hüquq müdafiəçisinin durumu daha yaxşı olub. Onu özəl xəstəxanaya köçürəndə huşunu itirsə də, vaxtında tədbir görülməyib, əməliyyat yubadılıb.

“Hadisə baş verəndən sonra Oqtay Gülalıyev əvvəl Kliniki Tibbi Mərkəzə aparılıb. O zaman huşu yerində, danışığı qaydasında olub. Axşam saat 23 radələrində “Baku City Hospital”a köçürülüb. Orada əməliyyat 13 saat gecikdirilib. Ertəsi gün saat 12 radələrində artıq vəziyyət kritikləşəndən sonra əməliyyata aparıblar. Bu da Səhiyyə Nazirliyinin müdaxiləsi və nazirliyin göstərişi ilə Neyrocərrahiyyə Xəstəxanasından göndərilən həkimlərin sayəsində baş tutub”, – Gülalıyeva deyib.

Gülalıyevin avtomobillə vurulmasıyla əlaqədar istintaq zamanı həkim heyəti ilə bağlı da araşdırma aparılıb. Qəzanı törətməkdə suçlanan sürücü Kənan Abdullayev haqqında cinayət işi məhkəməyə göndəriləndə həkimlərlə bağlı cinayət işi ayrılmışdı. Həmin ayrılmış cinayət işinə sonradan xitam verilib.

Gülalıyevanın çoxsaylı şikayətlərindən sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov xitam qərarını ləğv edib cinayət işini təkrar araşdırma üçün Nəsimi rayon Prokurorluğuna göndərmişdi. Lakin prokurorluq bu dəfə də cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarmışdı. Bu qərarı ailə gec aldığına görə məhkəməyə şikayət verilməsi də yubanıb.

“Baku City Hospital”ın həkimləri isə ailənin narazılığının əsassız olduğunu bildirir. Onlar iddia edir ki, O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatının gecikməsinə görə həyat yoldaşı məsuliyyət daşıyır.

Əvvəlki məqalə

“Moskva” kreyseri təmir üçün Sevatsopola doğru hərəkət edir –

Sonrakı məqalə

Vətəndaşlar xaricdən Azərbaycana nə qədər pul göndərir? –