Ermənistanın Baş naziri Nikol Paşinyan “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru və idarə heyətinin sədri Oleq Belozerovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan hökumətinin mətbuat xidmətinin NEWS.am-a verdiyi məlumata görə, görüşdə Paşinyan regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması imkanlarını nəzərə alaraq, hökumətin məqsədinin Ermənistan dəmir yollarını rəqabətqabiliyyətli etmək, onları qonşu dövlətlərin və beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək olduğunu vurğulayıb.
Bu kontekstdə tərəflər regionda baş verən proseslərin yaratdığı imkanları, Ermənistan dəmir yollarının rəqabət qabiliyyətinin artırılması və beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası istiqamətində atılacaq addımları müzakirə ediblər.
Görüşdə Gümrü–Axurik–Türkiyə sərhədi və Yerəsk–Naxçıvan dəmir yolu hissələrinin yenidən qurulması layihələri, eləcə də bu layihələrin həyata keçirilməsinin yaradacağı imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəçiliyi dövründə infrastrukturun inkişafı istiqamətində görülən işlər, idarəetmənin səmərəliliyi, mövcud problemlər və onların həlli imkanları nəzərdən keçirilib.
Tərəflər qeyd olunan məsələləri qısa müddətdə müzakirə etmək, mümkün həll yollarını tapmaq və növbəti addımları dəqiqləşdirmək məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
N.Talıblı