Mərkəzi Bankın İdarə Heyətinin tərkibi tam dəyişəcək –Əkrəm Həsənov

“Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvünün -Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin də səlahiyyət müddəti artıq martın 7-də bitib. Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər”.
Azpost.info bildirir ki, bu sözləri bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənov sosial şəbəkədə Mərkəzi Bankın sədri Elman Rüstəmovun İH-dən xaric olunmasını şərh edərkən yazıb.
Ə.Həsənovun sözlərinə görə, Taleh Kazımovdan fərqli olaraq, onlar növbətə müddətə İdarə Heyətinin üzvü təyin edilmədilər:  “Böyük ehtimalla yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək. Odur ki, yaxında bu məsələ də həll olunmalıdır”.
Ekspert deyib ki, “Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər. Bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir: “Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilir”.
“Güman edirəm ki, yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kimsə yer alacaq. Çünki işi daxildən bilən kadrlara zərurət var”-deyə Ə.Həsənov vurğulayıb.
Əvvəlki məqalə

“Kimyəvi hücum təsdiqlənsə, cavabı veriləcək” –

Sonrakı məqalə

Britaniya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı